299 min fermer haqqında məlumat bazası yaradılıb YENİLƏNİB
Bakı, 31 may, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanda kənd təsərrüfatı sahəsi yeni mərhələyə qədəm qoyub və bununla bağlı konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib. İstiqamətlərdən biri 299 min fermer haqqında məlumat bazasının yaradılmasıdır. Bundan başqa, fermerlərin monitorinq sistemi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 31-də "Faktlara əsaslanan kənd təsərrüfatı siyasətinin formalaşdırılması prosesinə modelləşdirmə vasitəsilə dəstəyin göstərilməsi" mövzusuna həsr olunmuş seminarda Kənd Təsərrüfatı Nazirliyinin Aparatının rəhbəri İlham Bayramov deyib.
O qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı və bu sektorda innovasiyaların tətbiqi dövlətimizin prioritet məsələlərindən biridir. Bu istiqamətdə BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə bir sıra layihələr həyata keçirilir. Kənd təsərrüfatı sektorunda qəbul edilən dövlət proqramları, aparılan islahatlar və həyata keçirilən layihələr bu sahədə müəyyən dönüş yaradıb: “Artıq bu gün kənd təsərrüfatının inkişafı ilə bağlı strateji fəaliyyət istiqamətləri müəyyən olunub. Aqrar sahənin dərindən təhlil edilməsi, aqrar sahəyə dəstəyin təmin olunması və aqrar ticarətin təşkili həmin istiqamətlər sırasındadır. Hazırda nazirlik səviyyəsində bu istiqamətlərdə tədbirlər görülür”.
Aparat rəhbərinin sözlərinə görə, həmin məqsədlə respublikada Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Ölkəmizdə aqrar sahənin təhlilinin aparılması, problemlərin üzə çıxarılması, qısa, orta və uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına dəstək mərkəzin başlıca vəzifələrindən biridir.
İ.Bayramov vurğulayıb ki, aqrar sahənin vacib elementlərindən biri də modelləşmənin aparılmasıdır. FAO-nun dəstəyi ilə Azərbaycanda kənd təsərrüfatı sahəsində siyasətin təhlili, proqramların hazırlanması, monitorinqlərin aparılması sahəsində qanun layihəsi həyata keçirilir. Bu layihədə əsas 5 komponent nəzərdə tutulub ki, onlardan 2-si artıq təmin edilib.
Bundan başqa, nazirlikdə bir sıra məlumatların toplanması siyasəti həyata keçirilir. Bununla bağlı hazırda kənd təsərrüfatı sisteminin bütün sahələrini əhatə edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılıb.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ölkəmizdə aqrar islahatların yeni mərhələsinə başlanıldığını və bu sahədə kompleks islahatların aparılmasını yüksək qiymətləndirib.
M.Çakmak, həmçinin əlavə edib ki, Azərbaycanda aqrar siyasətin formalaşdırılması prosesinin qabaqcıl təcrübələr əsasında daha da təkmilləşdirilməsi baxımından statistika, təhlil, proqnozlaşdırma və monitorinq sistemlərinin inkişaf etdirilməsi məsələləri ilə bağlı FAO bundan sonra da dəstək göstərməyə hazırdır. FAO təmsilçisi aqrar sektorda qarşıya çıxan bəzi problemlərə də toxunub.
Seminarda nazirliyin Strateji təhlil və planlaşdırma şöbəsinin müdiri Firdovsi Fikrətzadənin “Azərbaycanda kənd təsərrüfatı siyasəti və siyasətin formalaşması təcrübəsi”, Avropa Komissiyasının Birgə Elmi Tədqiqat Mərkəzinin nümayəndəsi-elmi layihə mütəxəssisi Həsən Dudunun “Avropa İttifaqında Avropa Komissiyasının Birgə Mərkəzi və onun kənd təsərrüfatı üzrə siyasət tədbirlərinin formalaşdırılmasında rolu” mövzularında məruzələri dinlənilib.