CƏMİYYƏT
31 may – Ümumdünya Tütünsüz Günüdür
Bakı, 31 may (AZƏRTAC). Hər il mayın 31-i dünyada Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur.
Dünya Səhiyyə Təşkilatının (DST) təşəbüssü ilə 1988-ci ildən keçirilən bu gündə ictimaiyyətin diqqəti tütünün yaratdığı acınacaqlı vəziyyətə yönəldilir, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insanın vəfat etdiyi nəzərə çatdırılır və bu zərərli vərdişdən çəkinməyin yolları müzakirə olunur.
Ümumdünya Tütünsüz Günündə Azərbaycanda da bir sıra tədbirlər həyata keçirilir. Tütünçəkmə ilə daima mübarizə aparan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) əhalinin maarifləndirilməsi istiqamətində bir sıra işlər görür.
İSİM-dən AZƏRTAC-a bildirmişlər ki, indiyədək tütünçəkmə ilə bağlı tədqiqatlar aparılmış, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədi ilə videoçarx hazırlanmış, fotomüsabiqə təşkil edilmiş, “Tütünə qarşı mübarizə haqqında” DST-nin Çərçivə Konvensiyasının müvafiq maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri Azərbaycan dilinə tərcümə olunaraq kitab şəklində çap edilmişdir. Həmçinin İSİM-in mütəxəssisləri Bakı şəhəri üzrə ali və orta məktəblərdə “Tütünsüz həyat: Sən özün yarat!” mövzusunda təqdimatlar keçirmişlər. Təqdimatlarda tütünçəkmənin insan sağlamlığına ziyanları, habelə tütünçəkmə ilə mübarizə istiqamətlərindən söhbət açılmış, tələbələrin və şagirdlərin sualları ətrafında fikir mübadiləsi aparılmışdır.
Bundan başqa, İSİM tərəfindən hazırlanmış bukletlər, plakatlar, qələmlər, məlumatlandırıcı nişan və digər nəşrlər əhali arasında paylanılmışdır.