Səbinə Məlikova: Müharibənin ən ağır yükünü daşıyanlar uşaqlardır VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Biz – “Belə-belə işlər” komandası olaraq artıq on ilə yaxındır ki, Xocalıda törədilən qırğını müxtəlif rakurslardan tamaşaçılara çatdırırıq. Bu illər ərzində hadisələri xanımların, döyüşlərdə iştirak etmiş gənclərin, yaşlı insanların dilindən təqdim etmişik. Bu dəfə isə söz uşaqlara verilib.
AZƏRTAC xəbər verir ki, bunu “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı zamanı jurnalistlərə açıqlamasında müəllif Səbinə Məlikova deyib.
O qeyd edib ki, müharibənin ən ağır yükünü daşıyan, amma səsi ən az eşidilənlər uşaqlardır. “Filmimizin qəhrəmanı Mürvət Məmmədov 14 yaşında olarkən ailəsi, bacı-qardaşları ilə birlikdə yeddi gün əsirlikdə qalıb, insan ağlına sığmayan, insanlığa yaraşmayan işgəncələrə məruz qalıb. Onun uşaqlıq xatirələri əslində bir xalqın yaddaşına həkk olunmuş ağrının təcəssümüdür. Bu filmi ərsəyə gətirmək bizim üçün həm böyük məsuliyyət, həm də olduqca ağır bir sınaq idi, amma biz üzərimizə düşən öhdəliyin fərqindəyik. “Xocalı: Əsir uşaqlıq” filmi də məhz bu məqsədə xidmət edir – unutmamaq, unutdurmamaq və həqiqətləri gələcək nəsillərə çatdırmaq”,- deyə müəllif vurğulayıb.