Pərvanə Cəlallı: “Xocalı: Əsir uşaqlıq” filmi soyqırımının bir daha aktuallaşdırılmasına xidmət edir VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində layihə və tədbirlər həyata keçirilib, sərgilər təşkil olunub, maarifləndirici nəşrlər dərc edilib, sənədli və bədii filmlər nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, bunu “Xocalı: Əsir uşaqlıq” sənədli filminin təqdimatı zamanı jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı deyib.
O qeyd edib ki, kampaniyanın əsas məqsədlərindən biri Xocalı soyqırımının beynəlxalq müstəvidə obyektiv şəkildə işıqlandırılması, faciə qurbanlarının xatirəsinin daim yad edilməsi və bu hadisələrin gənc nəslin yaddaşında qorunub saxlanılmasıdır.
“Prezident İlham Əliyevin də vurğuladığı kimi, Xocalı soyqırımına ədalət tələb etmək Azərbaycan xalqının haqqıdır. Bu faciə dünyanın gözü qarşısında baş verib və heç zaman xalqımızın yaddaşından silinməyəcək. Kampaniya çərçivəsində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, “Xocalı: Əsir uşaqlıq” filmi də məhz bu məqsədlərə xidmət edir. Xocalı sakinlərinin və gənclərin iştirakı ilə təqdim olunan ekran əsərində şahid ifadələri və tarixi faktlar əsasında hadisələr yenidən işıqlandırılıb. Film Xocalı soyqırımının həm Azərbaycan xalqının, həm də beynəlxalq ictimaiyyətin yaddaşında bir daha aktuallaşdırılmasına, tarixi həqiqətlərin təbliğinə və milli yaddaşın möhkəmləndirilməsinə xidmət edir”,- deyə Pərvanə Cəlallı vurğulayıb.