Riyaziyyat müəllimi bərabərsizliklərin isbatı üsullarını nümayiş etdirib VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllimi Məftun Əhmədov bərabərsizliklərin isbatı, müxtəlif riyazi ifadələrin bir-birindən alınması və riyazi nəticələrin məntiqi əsaslarla əldə edilməsi üsullarını izah edib.
AZƏRTAC xəbər verir ki, müəllim sadə riyazi prinsiplərdən çıxış edərək daha mürəkkəb nəticələrə necə nail olmağın yollarını şagirdlərə nümayiş etdirib. Şagirdlərin prosesə fəal cəlb olunması, riyazi ifadələrin mərhələli şəkildə çevrilməsi və hər bir nəticənin əsaslandırılması müəllimin tədris metodunun əsas xüsusiyyətlərindəndir.
Məftun Əhmədov bildirib ki, riyaziyyatda hazır düsturların və nəticələrin əzbərlənməsindən daha vacib məqam onların hansı məntiq əsasında əldə edildiyini anlamaqdır. Onun sözlərinə görə, sadə bərabərsizlikləri və onların isbat prinsiplərini düzgün mənimsəyən şagird bu biliklərdən istifadə etməklə daha mürəkkəb məsələlərin həllinə keçə bilər. Dərs çərçivəsində müxtəlif riyazi nəticələrin alınması zamanı Koşi bərabərsizliyi, tam kvadratlar və Titu lemmasının xüsusi halı kimi mühüm anlayışlara da toxunulub. Müəllimin əsas məqsədi şagirdlərdə riyazi nəticələri müstəqil şəkildə əldə etmək, məntiqi əlaqələri görmək və tətbiq etmək bacarığının formalaşdırılması olub. Beləliklə, sadə riyazi prinsiplərdən başlayaraq daha mürəkkəb nəticələrə gedən məntiqi əlaqələr praktik şəkildə nümayiş etdirilib və şagirdlərin riyazi düşünmə bacarıqlarının inkişafına yönəlmiş təlim yanaşması tətbiq olunub.