Ağsu ictimaiyyəti adından beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanmışdır VİDEO
Ağsu, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar fevralın 26-da Ağsudakı Qəhrəmanlıq parkında rayon rəhbərlərinin, ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirakı ilə anım mərasim keçirilmişdir. Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, çıxışlar olmuşdur.
Qeyd edilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələri Xocalıda görünməmiş vəhşiliklər törətmişlər. Keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının köməyi ilə şəhəri yandırıb xarabazara döndərmiş, insanları kütləvi surətdə qətlə yetirmişlər. Qətliam nəticəsində 613 nəfər, o cümlədən uşaqlar, qocalar və qadınlar öldürülmüş, 487 nəfər işgəncələrə məruz qalaraq şikəst edilmiş, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Bu dəhşətli hadisələrə dünya ictimaiyyətinin, nüfuzlu beynəlxalq təşkilatların biganə qalmasından təəssüfləndiklərini bildirən natiqlər Azərbaycanın haqq işinin gec-tez qalib gələcəyini vurğulamışlar. Qeyd olunmuşdur ki, dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində artıq bir sıra dünya dövlətlərinin parlamentlərində Xocalı soyqırımının tanınması bu işin uğurlu başlanğıcını qoymuşdur.
Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsinə ucaldılmış abidənin önündən sıx sıralarla keçərək ətrafı qərənfillərlə bəzəmiş, şəhidlərimizin xatirəsini ehtiramla yad etmişlər.
Mərasimdə rayon ictimaiyyəti adından beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.
Müraciətdə deyilir: Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətmişlər. XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı səhifələrindən biridir. Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın keçmiş və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür.
Müraciət belə bir inam hissi ilə tamamlanır: Ümidvarıq ki, dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar haqq səsimizi eşidəcək, Xocalı soyqırımını törədənlərin öz layiqli cəzalarına çatmalarına yardımçı olacaqlar.