QAN YADDAŞI
Hyustonda Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar tədbir keçirilmişdir VİDEO
Bakı, 26 fevral (AZƏRTAC). Böyüklüyünə görə ABŞ-ın dördüncü şəhəri sayılan Hyustonda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Xocalıda törədilmiş soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Yüzdən çox adam – amerikalılar, Azərbaycan, Rusiya, İsrail, Türkmənistan, Qazaxıstan və digər ölkələrdən gəlmələr Xocalı faciəsi qurbanlarının xatirəsini anmağa gəlmişlər.
Tədbirdə ABŞ konqresinin, Hyuston meriyasının, diplomatik və işgüzar dairələrin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Tədbirin təşkilatçısı Azərbaycan-Amerika Mədəniyyət Alyansının (AACA) rəhbəri İsmayıl Əhmədov bildirmişdir ki, erməni işğalçıları tərəfindən yer üzündən silinmiş 7 minlik Azərbaycan şəhəri sakinlərinin başına gətirilən müsbibətləri bilmək və xatırlamaq hər bir azərbaycanlının borcudur.
AAcA Şurasının üzvü Nemət Əbilov Dağlıq Qarabağ münaqişəsinin və erməni işğalının başlanğıc səbəblərindən söz açaraq bildirmişdir ki, Xocalı qırğını onun çoxsaylı dəhşətli nəticələrindən biri olmuşdur.
“AZE.az” xəbər agentliyinin təsisçisi Elxan Ağamirzə çıxışında bildirmişdir ki, Xocalı soyqırımı bəşəriyyət əleyhinə cinayətdir və ona cavabdeh olan şəxslər dünya ictimaiyyətinin səyləri ilə layiqincə cəzalandırılmalıdırlar ki, gələcəkdə belə faciələrin təkrarlanmasının qarşısı alınsın. Bununla belə, Xocalı soyqırımını törətmiş hərbi cinayətkarlar Ermənistanda mükafatlar alır və ən yüksək dövlət vəzifələri tuturlar.