59 saylı Salyan seçki dairəsində seçkilərə hazırlıq işləri tam başa çatıb
Salyan, 6 aprel, Mahir Babayev, AZƏRTAC
Salyanda aprelin 11-nə təyin olunan prezident seçkilərinə hazırlıq işləri tam başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 59 saylı Salyan seçki dairəsində 40 seçki məntəqəsi təşkil edilib. Seçici siyahıları dəqiqləşdirilib və 38 min 738 nəfər seçicinin adı siyahıya salınıb. Dairə üzrə 119 nəfər gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Səsvermə günü yaşı 100-dən yuxarı olan 2 seçici səsvermədə iştirak edəcək. Dairənin əhatə etdiyi bütün məntəqələr zəruri texniki və metodik vasitələrlə, elektrik enerjisi, rabitə və yanğın təhlükəsizliyi ilə təchiz olunub. Maarifləndirici plakatlar və seçici siyahıları məntəqələrdə hamının tanış ola biləcəyi yerlərdən asılıb. Seçicilərin səsvermə günü öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün məntəqələrdə kabinələr qoyulub.
Seçki dairəsinin nəzdində fəaliyyət göstərən 7 saylı məntəqənin sədri Qismət Aslanov AZƏRTAC-a bildirib ki, seçki komissiyası üzvlərinin maarifləndirilməsi və səriştələrinin artırılması üçün treninq və məşğələlər keçirilib. Məntəqədə seçkilərə hazırlıq işləri artıq başa çatıb. Seçki günü seçicilərin sərbəst səsvermələri və komissiya üzvlərinin normal fəaliyyətləri üçün məntəqədə bütün imkanlar yaradılıb. Artıq seçicilərə bildirişlərin paylanılması da yekunlaşıb.