CƏMİYYƏT
“Bacarmayanların naminə qaç” devizi altında 35 müxtəlif ölkədə qaçış keçiriləcəkdir VİDEO

Bakı, 7 aprel (AZƏRTAC). Mayın 4-də dünyanın 6 qitəsinin 35 müxtəlif ölkələrində, 37 fərqli istiqamətdə “Bacarmayanların naminə qaç” devizi altında marafon keçiriləcəkdir.
“Həyat üçün qanadlar” dünya qaçışı layihəsi onurğa beyni tədqiqatlarının gücləndirilməsi üçün təşkil olunmuşdur və bütün dünyada Qrinviç vaxtı ilə səhər saat 10:00-da vahid bir zamanda başlayacaqdır. Bu o deməkdir ki, bir çox ölkələrdə qaçıcılar sübhdən qürubədək və ya qürubdan sübhədək qaçacaqlar.
AZƏRTAC xəbər verir ki, iştirakçılar üçün yaş həddi sərbəstdir, həmçinin bu dünyəvi yarışın əsas özəlliyi odur ki, qaçıcıların finiş xəttinə qədər qaçmasının əvəzinə finiş xətti qaçıcıların ardınca yürüyür. Sonuncu qadın və sonuncu kişi qaçıcılar qalib elan olunur.
“Həyat üçün qanadlar” dünya qaçışı layihəsinin rəhbəri, Böyük britaniyalı Olimpiya medalçısı Kolin Cekson bildirmişdir ki, tarixdə ilk və yeganə qlobal dözümlülük yarışı özündə dünyanın bir tərəfində səhranı qət etmək, digər tərəfində ölkənin mənzərəli yerlərindən keçmək, başqa bir hissədə isə dəniz kənarından qaçmaq kimi təzadlı və maraqlı marşrutları birləşdirir.
Başlanğıc vaxtı Koreya Respublikası, Yeni Zelandiya və Avstraliya qaçıcıları üçün xüsusi çətinlik yaradacaq, çünki onlar qaçmağa gündüz başlayıb, gecə davam edəcəklər. Bundan əlavə, Amerika Birləşmiş Ştatlarının qərb sahillərində yarışçılar gecədən sübhədək qaçacaqlar. Avstraliyada və Yeni Zelandiyadakı bəzi qaçıcılar bütün gecəni yüyürəcəklər.
Yarışda iştirak etmək üçün aprelin 20-dək www.wingsforlifeworldrun.com səhifəsində qeydiyyatdan keçmək lazımdır.
Layihədən əldə olunan bütün vəsaitlər zədələnmiş onurğa beyninin bərpası ilə bağlı elmi-tədqiqatların inkişafına sərf olunacaqdır.