İDMAN
Velosipedçilərimiz “Tour of İstria” yürüşündə iştirak etmişlər VİDEO
Bakı, 29 aprel (AZƏRTAC). Xorvatiyada velosiped idmanının şosse növü üzrə gənclər arasında ənənəvi “Tour of İstria” yarışı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, üç gün davam edən yarışda Azərbaycanı baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında 5 idmançı təmsil etmişdir.
Yürüşün 114 kilometrdən ibarət ilk mərhələsində yığma komandamızın üzvlərindən ən yaxşı nəticəni Elgün Əlizadə göstərmişdir. O, məsafəni liderlər qrupunda 2 saat 41 dəqiqə 59 saniyəyə başa vurmuş və fotofinişə əsasən 16-cı olmuşdur.
İkinci mərhələdə 90 kilometrlik dağ yollarında mübarizə aparan velosipedçilərimizdən yenidən E.Əlizadə fərqlənməyi bacarmışdır. O, liderdən 23 saniyə geri qalmaqla 33-cü nəticə göstərmişdir.
Sonuncu mərhələsi 112 kilometr olan yürüşdə E.Əlizadə və Kənan Qəhrəmanlı finişi liderlər qrupunda keçmişlər. Fotofinişə əsasən E.Əlizadə 25-ci, K.Qəhrəmanlı isə 30-cu olmuşlar.
Qeyd edək ki, builki yarışda 25 ölkədən 150 velosipedçi mübarizə aparmışdır.