CƏMİYYƏT
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınmışdır VİDEO
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 4-də Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınmışdır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, həmin tarixdə Beyləqan rayonunun 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasının ərazisində mövqe tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycan Respublikasına keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə cəhd etmiş İran vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseyni Hüseyn Mircəlil oğlu saxlanılmışdır. Sərhəd pozucusunun üzərindən “Maqnum-200” markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı aşkar olunmuşdur.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2-ci (dövlət sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanılmışdır.
İran vətəndaşı H.M.Hüseyni təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Cinayətin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.