İQTİSADİYYAT
Bu ilin ilk üç ayında 226 gənc sahibkara 12,5 milyon manat güzəştli kredit verilmişdir VİDEO
Xaçmaz, 10 iyun (AZƏRTAC, Elxan Yusifli). İyunun 10-da Xaçmaz şəhərindəki Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat və Sənaye və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə “Gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda İqtisadiyyat və Sənaye, Gənclər və İdman nazirliklərinin nümayəndələri, Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda yaşayan gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının uğurlu icrası nəticəsində bütün bölgələrdə olduğu kimi, Xaçmazda da gənclərin ictimai-siyasi fəallığının artırılması, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş mühüm vəzifələrdən biri də gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsidir.
Qeyd edilmişdir ki, ölkədə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü ildə ölkəmizdə 917 gənc sahibkara 62,8 milyon manat və 2014-cü ilin I rübü ərzində isə 226 gənc sahibkara 12,5 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2700-dək yeni iş yerinin açılması imkanı yaradılmışdır. Bu göstəricilər bir daha gənclərin ölkə iqtisadiyyatında və məşğulluğun təmin edilməsində fəal rol oynadıqlarını göstərir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda dövlət tərəfindən gənclərə daim diqqət və qayğı göstərildiyini vurğulamış, ölkəmizin iqtisadi qüdrətinin artırılması və xalqın həyat səviyyəsinin yüksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə gənclərin rolunu diqqətə çatdırmışdır.
İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov son illərdə gənclərin sahibkarlıq fəaliyyətinə marağının daha da artığını qeyd etmişdir. Ölkəmizdə gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilmiş, çeşidli mexanizmlər yaradılmışdır. Bu mexanizmlər gənc sahibkarların maliyyə təminatında, bu fəaliyyətin texniki təminatı (məsləhət, informasiya xidmətlərinin göstərilməsi) səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynamaqdadır. Bu istiqamətdə potensialı olan gənclərin sahibkarlığa başlamasına dəstək verilməsi, onların maarifləndirilməsi, elektron resurslardan istifadə imkanının yaradılması və s. üçün ölkəmizdə biznes inkubatorlarının yaradılmasına başlanılmışdır. Konfransın keçirildiyi Quba-Xaçmaz Regional İnkişaf Mərkəzinin də bu qəbildən bir mərkəz olduğu qeyd olunmuşdur.
Konfransda sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilmiş biznes inkubatorun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilmişdir. Biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə bu il aprelin 30-da müsabiqə elan olunduğu və sənəd qəbulunun davam etdiyi bildirilmiş, müsabiqə şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə biznes inkubatorların yaradılmasının elmi əsasları və bu sahədə ABŞ, Qərb ölkələri və Türkiyə təcrübəsi barədə iştirakçılara məlumat verilmişdir.
Konfransın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.