CƏMİYYƏT
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etmişdir VİDEO
Bakı, 20 iyun (AZƏRTAC). Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq etmişdir.
İdarənin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov AZƏRTAC-a bildirmişdir ki, paytaxtın mərkəzi küçələrində - Zərifə Əliyeva, Tərlan Əliyarbəyov, H.Z.Tağıyev, Yusif Məmmədəliyev, Rəsul Rza, Xaqani, Cəfər Cabbarlı, Xaqani parkının (“Malakan bağı”) ətrafı və digər küçələrdə 95 parkomatın quraşdırılmasına baxmayaraq, sürücülər yenə də dayanma, durma, parklama qaydalarının pozulması hallarına yol verirlər. Quraşdırılan parkomatlar hesabına avtomobillərin sərbəst saxlanılmasına şərait yaradılmışdır. Lakin aparılan müşahidələr və tərtib edilmiş protokollar, eləcə də gün ərzində evakuasiya edilən avtomobillər və ya hazırlanmış fotomaterialların təhlili göstərir ki, sürücülər hələ də avtomobillərini qadağan olunmuş ərazilərdə saxlamağa üstünlük verirlər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir ki, qadağan olunmuş ərazilərdə park edilən avtomobillər qəti şəkildə mühafizə olunan dayanacaqlara evakuasiya vasitəsilə aparılacaqdır. Xahiş edirik ki, narazılığın baş verməməsi, eləcə də Bakı şəhəri ərazisində süni hərəkət sıxlığının yaranmaması məqsədilə sürücülər diqqətli olsunlar və qanuna riayət etsinlər.
Vaqif Əsədov demişdir ki, gün ərzində Bakıda təxminən 400-ə yaxın avtomobil sürücüsü barədə dayanma, durma, parklama qaydalarının pozulmasına görə protokol tərtib edilir. Əvvəlki aylara nisbətən azalma müşahidə edilsə də, bu sahədə vəziyyət qənaətbəxş deyildir.