79 saylı İmişli seçki dairəsində seçkilərə hazırlıq işləri başa çatıb
İmişli, 29 mart, Mahir Babayev, AZƏRTAC
İmişlidə prezident seçkilərinə hazırlıq işləri artıq başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 79 saylı İmişli seçki dairəsində 43 seçki məntəqəsi təşkil edilib. Seçici siyahıları dəqiqləşdirilib və 40 min 940 nəfər seçicinin adı siyahıya daxil olunub. Dairə üzrə 938 nəfər gənc ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yaşı 100-dən yuxarı 5 seçici səsvermədə iştirak edəcək. Dairənin əhatə etdiyi bütün məntəqələr zəruri texniki və metodik vasitələrlə, elektrik enerjisi, rabitə və yanğın təhlükəsizliyi ilə təchiz olunub. Maarifləndirici plakatlar və seçici siyahıları hamının tanış ola biləcəyi yerlərdən asılıb. Dairənin beş məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da səsvermənin gedişini istənilən yerdən onlayn izləməyə imkan verəcək. Dairə və məntəqələrdə seçki komissiyası üzvlərinin maarifləndirilməsi və səriştələrinin artırılması üçün lazımi işlər aparılıb.
Seçki dairəsinin nəzdində fəaliyyət göstərən 9 saylı məntəqənin sədri Astan Xeyrullayev bildirib ki, məntəqələrdə seçkilərə hazırlıq işləri artıq başa çatıb. Seçki günü seçicilərin sərbəst səsvermələri və komissiya üzvlərinin normal fəaliyyətləri üçün bütün imkanlar yaradılıb. Artıq seçicilərə bildirişlərin 30-35 faizindən çoxu paylanılıb və yaxın günlərdə bu iş də yekunlaşacaq.
Onu da qeyd edək ki, İmişlidə 79 saylı seçki dairəsindən əlavə, 80 saylı İmişli-Beyləqan seçki dairəsi də fəaliyyət göstərir və hər iki dairə üzrə ümumilikdə 83 min 470 seçici var.