İQTİSADİYYAT
“Caspian European Club” SOCAR-la birgə biznes-forum keçirib VİDEO
Bakı, 14 oktyabr, Nihat Budaqov, AZƏRTAC
Oktyabrın 14-də “Caspian European Club”un təşkilatçılığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin iştirakı ilə biznes-forum keçirilib.
AZƏRTAC xəbər verir ki, “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev klubun “Caspian Energy International Media Group”un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda işləyən ən iri neft-qaz şirkətlərinin dəstəyi ilə 2002-ci ilin iyununda yaradıldığını deyib. Bildirilib ki, “Caspian European Club” yaradıldığı vaxtdan neft sahəsindən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Öz sıralarında 5 mindən çox şirkəti və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində işləyir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun qorunub saxlanması sahəsində fəal iş aparır.
Biznes-forum barədə məlumat verən T.Əliyev bildirib ki, tədbir çərçivəsində müxtəlif şirkətlərin nümayəndələri onları maraqlandıran suallara cavab tapmaq və Azərbaycanın neft-qaz sektoru ilə bağlı müzakirələr aparmaq imkanı əldə edəcəklər.
Azərbaycanın iqtisadiyyatının əsasını təşkil edən neft-qaz sektoru barədə məlumat verən akademik Xoşbəxt Yusifzadə “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 21 ildə əldə olunan nailiyyətlər və kəşf olunan yeni yataqlar barədə danışıb. O həmçinin, “Şahdəniz” yatağı və onun perspektivləri, yeni kəşf olunan qaz-kondensat yataqları - “Ümid” və “Abşeron”, həmçinin Azərbaycanda hasil olunacaq qazı Avropaya nəql edəcək “Cənub” qaz dəhlizi, onun tərkib hissələri TANAP və TAP layihələri barədə məlumat verib.
SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokundan işlənmə başlayandan bu vaxtadək 381 milyon ton neft hasil edilib və bu həcmin 208 milyon tonu Azərbaycanın mənfəət neftinin payına düşüb. Bu ilin 9 ayında isə AÇG-dən 23,5 milyon ton neft hasil olunub ki, onun da 15,5 milyon tonu mənfəət neftidir. Həmin rəqəm də ümumi hasilatın 66 faizini təşkil edir. Mənfəət neftinin ilbəil artdığını deyən X.Yusifzadə bildirib ki, gələcəkdə mənfəət nefti təxminən 75-80 faizə çatacaq.
Biznes-forumda akademik Xoşbəxt Yusifzadəyə “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub. Tədbirdə klubla əməkdaşlığa dair razılığı olan təşkilatların və şirkətlərin rəhbərləri, Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik missiyaların nümayəndələri iştirak ediblər.