REGİONLAR
Biznes inkubatorların yaradılması Quba-Xaçmaz iqtisadi rayonunun inkişafına öz töhfəsini verir VİDEO
Xaçmaz, 19 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
AZƏRTAC xəbər verir ki, bu fikir oktyabrın 19-da Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin birinci ilinin yekunlarına həsr olunan “Biznes inkubatorun gənc sahibkarlığın inkişafında rolu” mövzusunda keçirilən tədbirdə xüsusi vurğulanıb.
Tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri, biznes inkubatorun iştirakçıları, eləcə də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər iştirak edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərin məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə böyük diqqət və qayğı göstərdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən olunmuş mühüm vəzifələrdəndir. Bildirilib ki, ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri də güzəştli maliyyə dəstəyinin göstərilməsidir. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4 min 631 gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib ki, bu kreditlər hesabına 14 min 200-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
Biznes inkubatorların yaradılması gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ölkədə biznes inkubatorların yaradılması öz əksini tapıb.
Sahib Məmmədov bildirib ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlər, o cümlədən treninqlər, beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar, biznes ideyalar müsabiqəsi keçirilib və davamlı məsləhət xidmətləri göstərilib. Bu tədbirlər gənc biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında mühüm rol oynayır və bu işlər gələcəkdə də davam etdiriləcək.
Nazirliyin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Amil Əlili dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilən tədbirlər, eləcə də bu istiqamətdə qarşıda duran vəzifələrdən danışaraq, ölkə regionlarının sosial-iqtisadi inkişafında gənclərin rolu, onların inkişafı üçün şəraitin yaxşılaşdırılması, məşğulluğun daha da artırılması və gənclər arasında sahibkarlığın inkişafı ilə bağlı görüləcək işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların maarifləndirilməsi istiqamətində bölgələrdə keçirilən tədbirlər və Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində təşkil edilən biznes inkubatorun fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, biznes inkubator üçün növbəti iştirakçıların seçilməsi məqsədilə elan edilən müsabiqəyə sənəd qəbulu davam edir.
Sonra müsabiqə şərtləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.