Nəqliyyat naziri Ağdaşda bölgə vətəndaşlarını qəbul edib VİDEO
Ağdaş, 6 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
AZƏRTAC xəbər verir ki, növbəti belə qəbul noyabrın 6-da Ağdaş rayonunda keçirilib. Nəqliyyat naziri Ziya Məmmədov Göyçay, Ucar və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini, şikayət və təkliflərini dinləyib.
Vətəndaşların müraciətləri əsasən avtomobil yollarının təmiri və yenidən qurulması, yeni avtobus marşrutlarının açılması, Ağdaş və Göyçay şəhərlərində müasir tipli avtovağzalın tikintisinə kömək göstərilməsi, M-2, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 279-cu kilometrliyində, Ağdaş rayonunun Yenicə kəndi ərazisindən keçən hissəsində mal-qara keçidinin qurulması, M-2, Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 282-ci kilometrliyində körpünün tikilməsi və digər məsələlərlə bağlı olub.
Eyni zamanda, Ağdaş rayonunun Aşağı Zeynəddin kəndində məskunlaşmış məcburi köçkünlər adından həmin kəndin avtomobil yolunun təmiri üçün müraciət olunub. Ziya Məmmədov məsələnin həlli ilə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib və bu gündən etibarən Aşağı Zeynəddin kəndində avtomobil yolunun təmiri işlərinə başlanılıb.
Nəqliyyat naziri Ziya Məmmədov vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar nazirliyin struktur rəhbərlərinə göstərişlər verib. Vətəndaşları narahat edən və nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbulda 50-dən çox vətəndaş iştirak edib.