“AĞDAŞ” QƏZETİNİN 75 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, “Ağdaş” qəzetinin ilk nömrəsinin çapdan çıxmasının 75 illiyi münasibətilə dekabrın 6-da Ağdaş Rayon İcra Hakimiyyətində toplantı keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev, qəzetin redaktoru Fariz Rüstəmov çıxış edərək ölkəmizdə mətbuatın azad fəaliyyəti üçün yaradılmış münbit şəraitdən, dövlətimizin inkişafında kütləvi informasiya vasitələrinin əvəzsiz rolundan söz açmışlar. Natiqlər 1936-cı ilin noyabr ayında ilk dəfə “Ağdaş pambıqçısı” adı ilə nəşrə başlayan qəzetin yubileyi münasibətilə son bir ayda rayonda silsilə tədbirlərin keçirildiyini, oxucularla görüşlərin təşkil olunduğunu, xüsusi buraxılış hazırlandığını qeyd etmişlər. Bildirilmişdir ki, rayonun sosial-iqtisadi, mədəni həyatına geniş nüfuz edərək müxtəlif mövzularda yazılar dərc edən “Ağdaş” qəzeti hazırda 500 tirajla çap olunur.
Məlumat verilmişdir ki, ilk redaktoru Həmid İbrahimov olan “Ağdaş pambıqçısı” qəzeti 1936-38-ci illərdə dərc olunmuşdur. 1938-62-ci illərdə qəzet “Pambıq uğrunda mübarizə”, 1966-2003-cü illərdə “Əmək” adı altında çıxmışdır. 2003-cü ildən “Ağdaş” adlanır və rayon icra hakimiyyətinin orqanıdır.
Tədbirin sonunda “Ağdaş” qəzetinin kollektivinə rayon icra hakimiyyətinin fəxri fərmanları, qiymətli hədiyyələri və pul mükafatları təqdim olunmuşdur.