CƏMİYYƏT


Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin açılışı böyük hərarətlə qarşılanıb VİDEO

Əskişəhər, 24 may, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyinin, İstanbuldakı baş konsulluğunun, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə mayın 24-də Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin açılışı böyük hərarətlə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, 28 May - Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş proqrama rəsmi şəxslər, diplomatlar, beynəlxalq təşkilatların təmsilçiləri qatılıblar.

Əvvəlcə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının otuz illiyini tərənnüm edən fotosərginin açılışı olub.

Sonra rəsm sərgisinə baxış keçirilib.

Mərasimin rəsmi hissəsi Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Açılışında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Milli Məclisin deputatı Fazil Mustafa, Əskişəhər Osmanqazi Universitetinin rektoru Kemal Şenocak, UNEC-in prorektoru Gəray Musayev çıxış ediblər.

Çıxışlarda şəhidlərimizə Allahdan rəhmət dilənib, qazilərimizə sağlamlıq arzu edilib. Diqqətə çatdırılıb ki, türk dünyasının mədəniyyət paytaxtı olmuş Əskişəhərdə Azərbaycan mədəniyyət və incəsənət günlərinin keçirilməsi tarixi hadisədir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutunun səbəbləri, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycan-Türkiyə qardaşlığının regionumuza bəxş etdiyi əzəmət barədə müfəssəl məlumat verən Rəşad Məmmədov əminliklə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı türk dünyasının birliyinin və inkişafının başlıca təminatçısıdır.

Azərbaycan mədəniyyət və incəsənət günlərinin keçirilməsinin əhəmiyyətini yüksək dəyərləndirən Nərminə Mustafayeva vurğulayıb ki, bu cür mədəni tədbirlər Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən ən təsirli vasitələrdəndir.

1918-ci ildə müstəqilliyini qazanan Azərbaycanın həmin illərdə qarşılaşdığı problemlərdən bəhs edən Fazil Mustafa XX əsrin əvvəllərində və müasir dövrdə baş verən proseslər arasında paralellər apararaq bildirib ki, 2020-ci ildə Azərbaycan Ordusu məhz öz gücü ilə işğal altındakı ərazilərimizi düşməndən azad edib. O, qeyd edib ki, yenə də Türkiyə qardaş dəstəyi ilə bizimlə çiyin-çiyinə olub.

Çıxışında ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan rektor Kemal Şenocak təcavüzkar Ermənistanın otuz il davam etdirdiyi işğalçılıq siyasəti və törətdiyi vandalizmdən bəhs edərək qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən savaşında qazandığı rəşadətli Qələbəni tarixlərə işıq saçan hadisə, ortaq tariximizin qızıl səhifəsi kimi dəyərləndirib.

Azərbaycanda həyata keçirilən təhsil islahatları və onun uğurlu nəticələrindən bəhs edən UNEC-in prorektoru Gəray Musayev Azərbaycan Dövlət İqtisad Universitetinin Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulayaraq keçirilən mədəni tədbirin münasibətlərin real nəticəsi olduğunu diqqətə çatdırıb.

Çıxışlarda bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri, eləcə də liderlərimizin birgə qərarları, müəyyən edilmiş ortaq inkişaf strategiyası ölkələrimizin inkişafı, xalqlarımızın rifahı, bölgəmizin əmin-amanlığı üçün tarixi missiyadır.

Bədii proqramda UNEC-in Yaradıcılıq Mərkəzinin, eləcə də Türkiyədə fəaliyyət göstərən “Hazar” Azərbaycan Xalq Rəqsləri Dərnəyinin musiqi qrupları zəngin ifalarla çıxış ediblər.

Musiqiçilərin və incəsənət ustalarının rəngarəng ifaları dəfələrlə hərarətli tamaşaçı alqışları ilə qarşılanıb.

Konsert proqramı “Qarabağ Azərbaycandır!” şüarı ilə başa çatıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Əskişəhər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.