Astarada şəhid Rəhman Babayevin xatirəsi anılıb
Astara, 28 yanvar, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Rəhman Babayevin xatirəsi Astarada təhsil aldığı Hamoşam kənd tam orta məktəbində anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində çıxış edən Astara Rayon Təhsil Şöbəsinin məsul işçisi Elçin Mirzəzadə və başqaları igid döyüşçünün cəbhədə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Bildirilib ki, Rəhman Babayev 1974-cü il yanvarın 17-də Astaranın Hamoşam kəndində anadan olub. Cəbhədə artilleriya qoşunları tərkibində olan Rəhman Babayev ilk dəfə Ağdərənin Talış kəndi uğrunda gedən döyüşlərdə düşmənlə üz-üzə gəlib. Elə burada çevikliyi, qorxmazlığı, cəsarəti, sərrast atıcılıq qabiliyyəti ilə seçilib. Onun son döyüşü 1993-cü il iyunun 13-də Çıldıranda olub. Rəhman Babayev bu döyüşdə 10-dan çox erməni hərbçisini zərərsizləşdirərək şəhidlik zirvəsinə yüksəlib.
Çıxışlarda qeyd olunub ki, Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən hərbçilərimizin ömür yolu gənclərə nümunədir. Bu günün şagirdi sabahın əsgəridir. Gənclərimiz hər zaman Vətənin müdafiəsinə hazır olmalıdırlar.
Mərasimdə Hamoşam kənd tam orta məktəbin şagirdləri hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.