İQTİSADİYYAT
Auditorlar Palatasında təlimlərdə iştirak etmiş mütəxəssislərə sertifikatlar verilib
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 20-də "Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi" mövzusunda təlim keçmiş mütəxəssislərə sertifikatların təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov ölkəmizin başçısının rəhbərliyi altında son günlər şəffaflığın artırılması və hesabatlılığın təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, ölkəmizdə həyata keçirilən iqtisadi inkişafın dayanıqlılığını və davamını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələri"ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi əhəmiyyət kəsb edir. Bunları nəzərə alaraq, Auditorlar Palatası maliyyə hesabatlılığı sahəsində sahibkarlara dəstək məqsədilə dekabrın 10-14-də "Maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi sahəsində qanunvericiliyin və beynəlxalq standartların tətbiqi" mövzusunda beşgünlük ödənişsiz təlimlər keçirib. Təlimlər Auditorlar Palatasının üzvləri olan "Praysvoterhauskupers", "Davud Mamedov”, "Deloitte & Touche", "Prime-Audit" xarici və yerli auditor şirkətlərinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri tərəfindən keçirilib.
Daha sonra çıxış edənlər təlimlərin təşkilinə görə Auditorlar Palatasının rəhbərliyinə təşəkkürlərini bildirib, bu cür təlimlərin onların fəaliyyətində səmərəli olacağını və davam etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
Sonra təlimlərdə iştirak edən mütəxəssislərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, təlimlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini, Nəsimi rayon məşğulluq idarəsini, İqtisadi Araşdırmalar və Tədris Mərkəzini, Maliyyə Nazirliyinin "Məlumat-Hesablama Mərkəzi" MMC-ni, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-ni, "Azər-Türk Bank", "AFB Bank", "Xalq Bank", "Bank Respublika", "Bank Melli-İran", "A-Group Sığorta Şirkəti", "AXA Mbask Sığorta Şirkəti", "Azərbaycan Sənaye Sığorta", "Rəvan Sığorta", "İpək Yolu Sığorta", "Günay Sığorta", "Təmiz qaz" QSC, "Aqrarkredit" QSC, "Baku Hospitality Group", "Bakı Sağlamlıq Mərkəzi", "Baku Business Consulting", "Accounting.az", "Fire Safety and Security Sistems" MMC, "CNCo. ITS" MMC-ni təmsil edən 35 mütəxəssis iştirak edib.