SİYASƏT
BAKIDA SABANTUY TATAR MİLLİ BAYRAMI QEYD OLUNMUŞDUR
Bakı, 9 avqust (AZƏRTAC). Avqustun 8-də Bakıda “Tuqan tel” tatar mədəniyyəti cəmiyyəti və Tatarıstanın Bakıdakı daimi nümayəndəliyinin təşkilatçılığı, Rusiyanın Azərbaycandakı səfirliyinin və Nizami rayon İcra hakimiyyətinin dəstəyi ilə Sabantuy tatar milli bayramı qeyd olunmuşdur.
Nizami rayonundakı Heydər Əliyev parkında keçirilən bayram şənliyinin əvvəlində Azərbaycanın, Rusiyanın və Tatarıstanın dövlət himnləri səsləndirilmişdir.
Sonra Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edərək Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun təbrik məktubunu oxumuşdur. Tatarıstan Prezidenti Sabantuyu tatar xalqının milli birliyinin rəmzi adlandıraraq, əsrlər boyu nəsildən-nəslə keçən bu ənənələrin tatar xalqının mədəniyyətinin formalaşmasında əhəmiyyətini qeyd etmişdir.
V.Doroxin Sabantuy tatar milli bayramının Azərbaycanda qeyd olunmasını əlamətdar hadisə kimi qiymətləndirmiş, belə tədbirlərin keçirilməsinin xalqlarımız arasında əlaqələrin genişləndirilməsinə xidmət etdiyini söyləmişdir.
Daha sonra “Tuqan tel” tatar mədəniyyəti cəmiyyətinin sədri Gülcan Myasoutova tədbirin təşkilində köməyə görə Azərbaycan hökumətinə, Nizami rayon İcra hakimiyyətinə minnətdarlığını bildirmişdir.
Nizami rayon İcra hakimiyyətinin başçısı Tahir Budaqov tatar xalqını bu gözəl bayram münasibətilə təbrik etmişdir. Azərbaycanda çoxsaylı tatar diasporunun yaşadığını deyən T.Budaqov tatarların Azərbaycanın inkişafında mühüm rol oynadıqlarını diqqətə çatdırmışdır. Azərbaycanın regionda mədəniyyətlərarası dialoqun, dini tolerantlığın mərkəzi olduğunu söyləyən icra başçısı müxtəlif xalqların ölkəmizdə dostluq və qardaşlıq şəraitində yaşadıqlarını bildirmişdir. Vurğulanmışdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Sabantuy bayramı YUNESKO tərəfindən Dünya Mədəni İrsi Siyahısına daxil edilmişdir.
Çıxış edənlər qeyd etmişlər ki, kökləri tarixin dərinliklərinə gedən belə bayramlar indi millətlərarası qarşılıqlı münasibətlərin, mehriban qonşuluğun möhkəmlənməsinə xidmət edir.
Bildirilmişdir ki, qədim olduğu qədər də müasir Sabantuy bayramı xalqların gözəl adət-ənənələrini, mahnı və rəqslərini, ayinlərini özündə cəmləşdirir. Sabantuyun əsl zəhmət bayramı kimi milliyyətindən, dinindən və yaşından asılı olmayaraq, hər bir insana şənlənmək, yarışlarda iştirak etmək, yaxud sadəcə, tamaşaçı olmaq imkanı verdiyi qeyd olunmuşdur.
Tatar rəqslərinin müşayiəti ilə keçən tədbirdə müxtəlif müsabiqələr, habelə kəndirdartma, güləş, ağırlıqqaldırma və digər qədim idman növləri üzrə yarışlar keçirilmişdir.
Yayın istisinə baxmayaraq ölkəmizdəki diplomatik korpusun nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən cəmiyyət və konfessiyaların rəhbərləri Sabantuy münasibətilə tatarları təbrik etmək üçün Heydər Əliyev parkına gəlmişdilər.
######