ELM VƏ TƏHSİL
BDU-da “Milli-mənəvi dəyərlər” mövzusunda tədbir
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq və Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlər” mövzusunda onlayn tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Hüquq fakültəsinin dekanı Əmir Əliyev milli-mənəvi dəyərlər mövzusunda keçirilən tədbirlərin vacibliyini vurğulayıb, gənc nəslin bu dəyərlərin qorunmasında aktiv iştirakının önəmindən bəhs edərək cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolunu yüksək qiymətləndirib.
Hüquq fakültəsinin dekan müavini Aytəkin İbrahimova, Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Məleykə Bayramova, Filologiya fakültəsinin dekan müavini Anar Fərəcov, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Könül Həsənovanın mövzu ilə bağlı məruzələri dinlənilib. Məruzələrdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində aparılan işlər, ölkəmizin inkişafında və milli-mənəvi dəyərlərin zənginləşdirilməsində həyata keçirilən tədbirlər haqqında məlumat verilib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyasının həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətimizin bütün sahələrində istiqamətləndirici məfkurəmiz olduğu diqqətə çatdırılıb.
Tələbə Gənclər Təşkilatının Hüquq fakültəsi üzrə sədri Firavan Əlizadənin moderatorluğu ilə keçirilən tədbirdə hər iki fakültənin tələbələri - Siyavuş Bağırov, Səma Qasımova, Nərminə Xanəliyeva və Laləzar Sərxanova ölkəmizdə milli-mənəvi dəyərlərə bağlı məruzə ilə çıxış ediblər. Tələbələr çıxışlarında ölkəmizin bütün gəncləri kimi, Bakı Dövlət Universitetinin tələbə-gənclərinin də əsası Ulu Öndər tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin həyata keçirilməsinə töhfə verdiyini, ölkəmizdə bu sahədə görülən işləri və milli-mənəvi dəyərlərin qorunmasına ölkə rəhbərinin göstərdiyi diqqət və qayğının önəmini vurğulayıblar. Çıxışlarda gənc nəslin bu dəyərlərin qorunmasında fəal iştirakının önəmindən bəhs edilib və cəmiyyətin inkişafında milli-mənəvi dəyərlərin rolu qiymətləndirilib.