ELM VƏ TƏHSİL


Çexiyanın Karlova Universitetinin əməkdaşları BDU-da tədqiqat aparırlar

Bakı, 22 mart, AZƏRTAC

Çexiyanın Karlova Universitetinin təbiət elmləri fakültəsinin dosenti Eva Landova və həmin fakültənin doktorantı Marketa Janovkova Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində Bakı Dövlət Universitetində tədqiqatlar aparmaq və biologiya fakültəsində tədris prosesində iştirak etmək məqsədilə Bakıya gəliblər.

BDU-nun mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Eva Landova və Marketa Janovkova martın 21-də BDU-nun biologiya fakültəsinin 3-cü kurs tələbələri Nərmin Kərimova və Aytən Məmmədova ilə birlikdə təcrübə işlərini davam etdiriblər.

BDU-nun rektoru Elçin Babayev Eva Landova və Marketa Janovkovanın tədqiqat və təcrübə işləri ilə yerində tanış olub, özü bilavasitə pasiyent qismində bioloji eksperimentdə iştirak edib. Sonra rektor aparılan eksperimentlə bağlı tövsiyələrini verib, eyni zamanda, akademik mübadilə, birgə elmi tədqiqatlar və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib.

Bakı Dövlət Universiteti ilə Çexiyanın Karlova Universiteti arasında səmərəli əməkdaşlıq əlaqələri davam edir. Ötən illər ərzində BDU və Karlova Universitetinin yüzlərlə müəllim və tələbəsi təcrübə mübadiləsində iştirak edib, birgə konfrans və seminarlar keçirilib, elmi tədqiqat işləri aparılıb və alınan nəticələr impakt faktorlu jurnallarda dərc edilib. Hər il davamlı olaraq Karlova Universitetinin təbiət elmləri fakültəsinin müəllim-tələbə heyəti flora və faunanı öyrənmək məqsədilə Azərbaycanın müxtəlif regionlarında, o cümlədən BDU-nun Qubadakı tədris-təcrübə və istirahət mərkəzində olur, eyni zamanda, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin əməkdaşları Karlova Universitetinin təbiət fakültəsində tədqiqatlar aparır, tədris prosesində iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.