ELM VƏ TƏHSİL
GÖRKƏMLİ YAZIÇI VƏ ALİM MİR CƏLAL PAŞAYEVİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, aprelin 24-də Azərbaycan Dillər Universitetində (ADU) böyük yazıçı və ədəbiyyatşünas alim, görkəmli pedaqoq, ictimai xadim, professor Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tanınmış alimlərin, təhsil işçilərinin və tələbələrin iştirak etdikləri tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Prezident İlham Əliyevin “YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamını xatırlatmış yazıçı Mir Cəlal Paşayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı müddəanın da bu sənəddə göstərilməsini yüksək qiymətləndirmişdir.
Görkəmli pedaqoqun şərəfli ömür yolundan, zəngin ədəbi yaradıcılığından, geniş elmi və pedaqoji fəaliyyətindən bəhs edən rektor onun Azərbaycan ədəbiyyatına, elminə, təhsilinə çox dəyərli töhfələr verdiyini bildirmişdir.
Xalq şairi Nəriman Həsənzadə, dosent Fəridə Səfiyeva və digər natiqlər də böyük ədib Mir Cəlal Paşayevin mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafındakı əvəzsiz rolundan danışmış, onun heç zaman aktuallığını itirməyən hekayələrinin, romanlarının əhəmiyyətini diqqətə çatdırmışlar.
Yazıçı M.C.Paşayevin bədii yaradıcılığından danışanlar bildirmişlər ki, onun əsərlərində həyatın reallıqları, insanın mənəvi dünyası öz inikasını tapmışdır. M.C.Paşayev həm görkəmli ədib, pedaqoq, həm də insanpərvər bir şəxsiyyət olmuşdur.
Unudulmaz professorun əziz xatirəsinin daim uca tutulacağını vurğulayan natiqlər alimlə bağlı xatirələrini söyləmişlər.
Böyük yazıçı və alim M.C.Paşayevin oğlu, professor Hafiz Paşayev atasının yaradıcılıq fəaliyətini yüksək dəyərləndirdiklərinə və xatirəsini yad etdiklərinə görə təşəkkürünü bildirmişdir.