Güclü külək və qasırğa Gürcüstanda yenidən ciddi fəsadlar yaradıb
Tbilisi, 5 iyun, AZƏRTAC
Gürcüstanda iyunun 5-də yağan güclü leysan yağışları və qasırğa yenidən ciddi fəsadlar yaradıb.
Güclü külək paytaxt Tbilisidə, Rustavi və Marneuli rayonu ərazisində problemlərə səbəb olub. Ağaclar və elektrik dirəkləri sınıb, qərb bölgəsində çaylar daşıb. Kür çayında suyun səviyyəsi qalxıb və suyun çirkliliyi artıb.
Marneuli rayonunun Sadaxlı kəndinə daha ciddi ziyan dəyib.
Külək ağacları kökündən qoparıb, kənddə bir neçə evə və avtomobilə ziyan dəyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi