ELM VƏ TƏHSİL


“İdrak” liseyində Rumıniya və Moldovanın milli bayramı qeyd olunub

Bakı, 1 mart, AZƏRTAC

Martın 1-də “İdrak” liseyində bu təhsil ocağının və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Rumıniya və Moldovanın milli bayramı olan “Mertsişor” bayramı münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “İdrak” liseyinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov ölkəmizdəki davamlı inkişaf proseslərindən söz açıb, Azərbaycanın hər iki ölkə ilə dostluq əlaqələrinin ildən-ilə inkişaf etdiyini söyləyib. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi, Rumıniya və Moldovanın milli bayramının ölkəmizdə geniş qeyd olunması dövlətlərarası mədəni əlaqələrin inkişafına böyük töhfədir.

Rumıniyanın səfiri Dan İanku və Moldovanın səfiri George Leuke çıxış edərək “Mertsişor” bayramı haqqında məlumat veriblər. Bildirilib ki, Rumıniyada və Moldovada martın ilk günündə qeyd olunan bu qədim bayram yazın gəlişini, təbiətin yenilənməsini ifadə edir. “Mertsişor” bayramı UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib və Azərbaycanın milli bayramı Novruza uyğundur, sülh, ümid və sevginin rəmzidir.

Tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirən qonaqlar ölkələrimiz arasında həmişə dostluq münasibətlərinin olduğunu söyləyiblər. Diqqətə çatdırılıb ki, onlar tərəfindən Azərbaycan həqiqətləri, mədəniyyəti daim təbliğ olunur, ədəbiyyatımız rumın və moldovan dillərinə tərcümə edilir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva “Mertsişor” bayramı münasibətilə iştirakçıları təbrik edib, dost Rumıniya və Moldova xalqlarına xoş arzularını çatdırıb. Xalqlarımızın dillərinin, mədəniyyətlərinin fərqli olmasına baxmayaraq ortaq arzularımızın, məqsədlərimizin olduğu vurğulanıb. Qeyd edilib ki, hamımız dünyada sülh, sevgi, dostluğun hökm sürməsini arzulayırıq.

A.Əliyeva bu cür tədbirlərin keçirilməsinin xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyini söyləyib.

Sonra liseyin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Məktəblilər Azərbaycan, Rumıniya və Moldova milli rəqslərini, müxtəlif musiqi nömrələrini ifa ediblər.

Tədbirin sonunda iştirakçılara milli şirniyyatlar və “Mertsişor” bayramının rəmzləri hədiyyə edilib. Liseyin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.