MMA qarışıq döyüş sənətləri üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb
Naxçıvan, 21 fevral, AZƏRTAC
MMA qarışıq döyüş sənətləri üzrə Naxçıvan şəhər açıq birinciliyi başa çatıb. “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə keçirilən yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Kikboksinq Federasiyası ilə Gənclər və İdman İdarəsi tərəfindən birgə təşkil olunan birinciliyə 4 komandadan ümumilikdə 90 idmançı qatılıb. Görüşlər 3 yaş kateqoriyasında 15 çəki dərəcəsi üzrə keçirilib.
Yarış başlanmazdan öncə federasiya sədri Xəyal Abdullayev yarışın məqsəd və əhəmiyyətindən bəhs edərək diqqətə çatdırıb ki, yaradılan şərait, idmançılarımızın qazandığı ardıcıl uğurlar uşaq və yeniyetmələri əlbəyaxa döyüş idman növlərinə həvəsləndirir, bu sahəyə maraq daha da artır. Məqsədimiz cəmiyyətə faydalı, sağlam və vətənpərvər gənclər hazırlamaqdır.
Sonra birinciliyə start verilib. Olimpiya sisteminə əsasən qaliblərin müəyyən olunduğu yarışda 2010-2011-ci il təvəllüdlü idmançılar arasında “Turan” Döyüş Klubundan Onur Əliyev, Məmməd Məmmədov, Əbülfəz Cəfərov, Şahmərdan Vəli və “Kəngərli” komandasından Miryusif Seyidli fəxri kürsünün ilk pilləsinə qalxıblar. 2007-2009 və 2012-2014-cü il təvəllüdlü idmançılar arasında isə “Turan” Döyüş Klubunun təmsilçiləri bütün çəkilər üzrə birinciliyi əldə ediblər. Belə ki, Nurəddin Əliyev, Oğuz Məmmədli, Sadiq Kərimov, Məhəmmədəli Qasımov Kənan Əhmədli, Uğur Nəbizadə, Məhəmməd Qasımov, Beyrək Yaqubov, Tunar Abdullayev və Yaqub Hacıyev müvafiq yaş və çəki dərəcələri üzrə qalib olublar.
İlk üçlükdə yer alan idmançılara diplom və medallar təqdim edilib.