İDMAN
Malta-Azərbaycan oyunu heç-heçə yekunlaşıb YENİLƏNİB
Bakı, 10 sentyabr, AZƏRTAC
Qarşılaşmanın ikinci hissəsi də Azərbaycan yığmasının üstünlüyü şəraitində keçib. Çox saylı hücumlara baxmayaraq, bütün komanda ilə müdafiə olunan Malta millisini məyus etmək mümkün olmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
23:38
Malta-Azərbaycan oyununun ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Meydan sahibləri görüşə daha fəal başlayıblar. Bədavi Hüseynovun kobud oyununa görə, matçın 10-cu dəqiqəsində millimizin qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini Andrey Aqius dəqiq yerinə yetirərək hesabı açıb. Görüşün 25-ci dəqiqəsində millimiz hesabı bərabərləşdirməyə yaxın olsa da, Mahir Mədətovun zərbəsi qapı tirindən geri qayıdıb. Bir dəqiqə sonra yığmamız istəyinə nail olub. Belə ki, Təmkin Xəlilzadə baxımlı qola imza atıb. Futbolçuların cəhdlərinə baxmayaraq, ilk hissəsinin sonunadək hesab dəyişməyib.
22:45
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Malta-Azərbaycan oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Maltadakı Ta Qali milli stadionunda keçirilən oyunu monteneqrolu hakimlər briqadası idarə edir.
Matçın baş hakimi Nikola Dabanoviçdir. Ona Milovan Djukiç və Jovica Tatar kömək edirlər. Dördüncü hakim funksiyasını Aleksandar Djikanoviç yerinə yetirir.
Qrup mərhələsinin ilk oyununda Azərbaycan millisi Bakı Olimpiya Stadionunda Kosovo yığmasını qəbul edib və qarşılaşmada hesab açılmayıb.
Qeyd edək ki, Farer adaları 3 xalla qrupda birinci pillədə qərarlaşıb. Azərbaycan və Kosovo 1 xalla ikinci-üçüncü, hesabında xal olmayan Malta isə sonuncu pillədədir.