CƏMİYYƏT
Nəşi 30 ildən sonra tapılan şəhid Arif İmaməliyev dəfn olunub VİDEO











Bakı, 21 may, AZƏRTAC
Bu yaxınlarda nəşinin qalıqları tapılan şəhidlərdən biri də Arif Ələkbər oğlu İmaməliyevdir.
AZƏRTAC xəbər verir ki, mayın 21-də şəhidlə vida mərasimi keçirildikdən sonra nəşi Bakının Suraxanı rayonunda yerləşən Şəhidlər xiyabanına gətirilib.
Dəfn mərasimində şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında və yaylım atəşinin müşayiəti ilə son mənzilə yola salınıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Onun tabutuna bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı nəvəsi Arif İmaməliyevə təqdim edilib.
Şəhidin qardaşı Oqtay İmaməliyev jurnalistlərə açıqlamasında deyib ki, bu gün onun üçün çox kədərlidir, həm də qürurvericidir: “Çətin anlar yaşasam da, qardaşım Arifin qəhrəmanlığı ilə fəxr edirəm.
Qardaşımın xatirəsinin əbədiləşdirilməsi bizim üçün çox önəmlidir. Qardaşımın fədakarlığı və qəhrəmanlığı heç vaxt unudulmayacaq. Onun kimi qəhrəmanların xatirəsini yaşatmaq, onların adını uca tutmaq və bunu gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - deyə şəhid qardaşı əlavə edib.
Qeyd edək ki, Arif İmaməliyev 1960-cı ildə Bakı şəhərində anadan olub. 1994-cü il fevralın 15-də Kəlbəcər rayonundakı Murovdağ ətrafında gedən döyüşlərdə itkin düşmüşdü.