İDMAN
Nicat Şıxəlizadə: Bakıda keçiriləcək dünya çempionatına hazırlıq plana uyğun davam edir
Bakı, 21 iyul, AZƏRTAC
Dünya çempionatına hazırlıq plana uyğun olaraq davam edir. Mundiala hazırlığın ilk mərhələsini Göygöl Olimpiya İdman Kompleksində keçirdik. Təlim-məşq prosesində Türkiyə və Fransa milli komandaları da bizimlə birgə hazırlıq keçdi. Azərbaycanda təşkil olunan üç həftəlik hazırlıq prosesindən sonra Koreya Respublikasına yollandıq.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində cüdo üzrə Azərbaycan millisinin üzvü, dünya və Avropa çempionatının mükafatçısı Nicat Şıxəlizadə deyib.
Bildirib ki, on gün ərzində koreyalı cüdoçularla birlikdə hazırlıq prosesinə qatıldıq. Oradan isə Yaponiyaya beynəlxalq təlim-məşq toplanışına getdik. Yaponiyada 15 ölkədən olan cüdoçularla birgə təlim-məşq prosesində iştirak etdik. Daha sonra İspaniyada hazırlıq keçdik və Almaniyada Avropa kuboku yarışlarında iştirak etdik. Ardınca isə Fransada hazırlıq keçdikdən sonra Xorvatiyada təşkil olunacaq Qran-Pri yarışlarında iştirak edəcəyik. Bu turnir dünya çempionatına hazırlıq xarakteri daşıyacaq. Azərbaycan Cüdo Federasiyası tərəfindən idmançılar üçün hər cür şərait yaradılıb və mundiala hazırlıq yüksək səviyyədə davam edir.
“Cüdo üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi həm sevindirici, həm də məsuliyyətlidir. Doğma divarlar arasında ölkəmizi layiqincə təmsil etməliyik. Ümid edirəm ki, azarkeşlər də bizə dəstək olaraq yeni qələbələrə həvəsləndirəcəklər”, - deyə cüdoçumuz əlavə edib.
İsrailin ev sahibliyi etdiyi Avropa çempionatı öncəsi zədəli olduğunu bildirən N.Şıxəlizadə vurğulayıb ki, turnirə yaxşı hazırlaşa bilmədim. Çıxışım uğursuz oldu və mükafatçılar sırasında yer ala bilmədim. Ancaq Bakı mundialına isə ciddi hazırlaşıram. Hazırlıq prosesinin böyük hissəsi geridə qalıb. Ümid edirəm ki, dünya çempionatınadək formamı daha da yaxşılaşdıraram. Rəqiblərimə gəlincə, mənim çəkimdə rəqabət böyükdür. Bütün idmançıları özümə ciddi rəqib kimi qəbul edirəm. Mənim çəki dərəcəmdə favorit ötən il dünya çempionu olan yaponiyalı idmançıdır. Bundan başqa Gürcüstan, Koreya Respublikası, İsrail cüdoçuları da medallara iddiaçılar sırasındadırlar.
N.Şıxəlizadə deyib: “Ölkəmizdə digər sahələrdə olduğu kimi idmanda da, eləcə də cüdo da inkişaf müşahidə olunur. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Ölkə başçısı həmişə idmançıların yanında olub, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. İrimiqyaslı yarışların ölkəmizdə təşkili idmançılarda motivasiya yaradır. Hər bir idmançı istəyir ki, ölkəsində təşkil olunan turnirin ən azı iştirakçısı olsun. Prezidentimiz İlham Əliyev yarışlarda idmançıların çıxışını arenada izləyir və nəticə verən atletləri özü təbrik edir. Həm yarışın qalibi olmaq, həm də ölkə başçısının həmin idmançını mükafatlandırması çox qürurvericidir”.
“Beşqat Avropa çempionu Elçin İsmayılov, Olimpiya çempionları Nazim Hüseynov, neçə illər bir yerdə məşq etdiyim Elnur Məmmədlidən müsbət mənada yararlanmışam. Üçqat Olimpiya çempionu yaponiyalı Namuranın da görüşlərini izləmişəm. Həmişə onlardan nələrsə öyrənməyə çalışmışam. Həmçinin onlara azarkeşlik də etmişəm”, - deyə N.Şıxəlizadə qeyd edib.