REGİONLAR


Payız fəslində üzüm bağlarında diqqət yetirilməli məqamlar – fermerlərə tövsiyə

Gəncə, 30 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Noyabr ayında üzümlüklərdə yarpaqlar töküldükdən sonra təxminən ayın ortalarından sonra budama işlərinə başlanılır. Ancaq bundan əvvəl diqqət yetirilməli bəzi məqamlar var. Budamadan əvvəl yəni, təxminən sentyabr ayının sonu - noyabr ayının əvvəli hər sort və sahə üçün tənəkdə saxlanacaq gözlüklərin miqdarı müəyyən edilməlidir. Qida maddəsi ilə zəngin və rütubətlə yaxşı təmin olunmuş sahələrdə orta hesabla hər hektar üzümlükdə ən azı 220-250 min, başqa rayonlarda isə 160-200 min gözcük saxlanmalıdır.

Bunu AZƏRTAC-a açıqlamasında payız fəslində üzüm bağlarında diqqət yetirilməli məqamlardan danışan Dövlət Aqrar Universitetinin dosenti Sevil Abduləliyeva deyib.

O, qeyd olunan tədbirlərə əməl edilərsə, yazda tumurcuqlar açdıqdan sonra görünən məhsulun yükünü nizamlamağın daha asan olduğunu bildirib: “Müəyyən miqdarda tarazlanan və saxlanılan gözcüklər çox yüksək və keyfiyyətli məhsulun alınmasını təmin edir. Tənəklərin budanması ilə yanaşı, çubuq tədarükünə də başlanmalıdır. Bunun üçün aprobasiya və kütləvi seleksiya aparılmış standart sort sahələrində, ilk növbədə, nişanlanmış qarışıq sortlar və məhsulsuz, az məhsuldar, xəstəliyə tutulmuş tənəklər budanır, zoğlar cərgə aralarından çıxarıb yandırılır. Bundan sonra yerdə qalan təmiz sortlu və məhsuldar tənəklər budanaraq çubuq tədarük edilir”.

Mütəxəssis deyir ki, hərəsi 200-250 ədəddən ibarət olan dəstələrə bağlanan çubuqlar müvəqqəti saxlanma üçün torpağı nəm olan xəndəklərə basdırılmalıdır.

Eyni zamanda, xüsusilə sentyabr ayının sonlarına doğru tənəkdə su balansını nizamlamaq üçün mütləq 3 dəfə suvarma aparılmalıdır. Bu, yarpaqlarda fotosintezin güclü getməsini təmin edir.

Aqrar Universitetin dosenti bildirir ki, fermerlər və sahibkarlar tərəfindən ən çox ünvanlanan suallardan biri də mövsümi yağışların məhsula və tinglərə mənfi və ya müsbət təsiri barədədir. Məhsulun təyinatını, yəni saxlanmaya, yoxsa istehsala getməsini nəzərə almaqla, yığım vaxtına uyğun formada yığılmasını tövsiyə edən mütəxəssis, arabir yağan yağışların heç bir mənfi təsirinin olmadığını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.