SİYASƏT


QIRMIZI XAN
BRİQADA KOMANDİRİ NAXÇIVANSKİNİN QƏRİBƏ TALEYİ

“Nezavisimoye voyennoye obozreniye” qəzetinin 6-19 iyun 2008-ci il tarixli nömrəsində Viktor Myasnikovun “Qırmızı xan. Briqada komandiri Naxçıvanskinin qəribə həyatı” adlı məqaləsi dərc edilmişdir. Azərbaycan xalqının şanlı oğlu, briqada komandiri Naxçıvanskinin qəribə taleyindən bəhs edən bu məqalə Qafqaz tarixi üzrə tanınmış mütəxəssis, tədqiqatçı-yazıçı Rudolf İvanovun Moskvada çapdan çıxmış “Sovet İttifaqı adından… Briqada komandiri Naxçıvanskinin həyatı və ölümü” adlı kitabı əsasında yazılmışdır.

AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.

1931-ci il noyabrın 5-də Sov.İK(b)P MK Siyasi Bürosunun Stalinin sədrliyi ilə keçirilən iclasında başqa məsələlərlə yanaşı, Xan Naxçıvanskinin barəsində çıxarılmış ölüm hökmünün icra edilməsi məsələsinə də baxılmışdı. İclasda eşidildi və qərara alındı: “Dikaya diviziya”nın keçmiş ştab-rotmistri, Müsavat ordusunun keçmiş alay komandiri, İnqilabi Fəhlə-Kəndli Ordusunun Azərbaycan dağ-atıcı diviziyasının keçmiş komandiri Cəmşid Naxçıvanski həbsdən azad edilsin, briqada komandiri rütbəsinə bərpa edilsin və Frunze adına Hərbi Akademiyaya təhsil almağa göndərilsin.

Onun güllələnməsi barəsində çıxarılmış hökm və hərbi sui-qəsd hazırlamaqda ittiham isə ləğv edilməmişdi…

“Nezavisimoye voyennoye obozreniye”nin daimi müəllifi, Qafqaz tarixi üzrə mütəxəssis Rudolf İvanov müsəlmanların rus ordusunda xidməti haqqında arxiv araşdırmalarını davam etdirmişdir. Onun yeni kitabı Azərbaycan xalqının şanlı oğlu, “Qırmızı xan” ləqəbli Cəmşid Xan Naxçıvanskiyə həsr edilmişdir.

Bu qədim nəslin ən tanınmış nümayəndələrindən biri farslar tərəfindən gözləri çıxarılmış Kəlbəli xan Naxçıvanski olmuşdur. Hətta kor olduqdan sonra da heç kəsə baş əyməmiş Kəlbəli xan qoşunlara başçılıq etmişdir. Onun oğlu Ehsan xan Rusiya tərəfə keçmiş, İranın Abbasabad qalasını gələcək feldmarşal İvan Paskeviçə təslim etmiş və az sonra rus ordusunun general-mayoru olmuşdu. Kəlbəli xanın nəvəsi İsmayıl xan 1877-1878-ci illərdə Rusiya-Türkiyə müharibəsi zamanı Bayazid qalasının müdafiəsinə başçılıq etmişdir. General-adyutant Hüseyn xan Naxçıvanski Birinci Dünya müharibəsi dövründə Qvardiya suvari korpusunun komandiri olmuş, III və IV dərəcəli Müqəddəs Georgi ordenləri ilə təltif edilmişdir.

Xan Naxçıvanskilər qeyri-adi igidlikləri ilə fərqlənirdi. Onlar döyüşlərdə ad çıxarmış, tamamilə haqlı olaraq çoxlu mükafatlara layiq görülmüşlər. 1907-ci ildə Cəmşid ailənin ənənələrinə sadiq qalaraq, Tiflis kadet korpusuna daxil oldu. 1914-cü ildə onun yeddiillik təhsil müddəti başa çatırdı. Müharibə ilə əlaqədar burada tədris prosesi bir qədər sürətləndirilmişdi. Məzunlar attestat almaq üçün imtahan verə bilmədilər və yalnız 6-cı sinif həcmində imtahan verməli oldular. Yunker məktəbində hazırlıq dövrü daha qısa oldu. Sentyabrın 1-də yunkerlər and içdilər, dekabrın 1-də isə Cəmşid Naxçıvanski praporşik rütbəsi aldı, daha 8 aydan sonra ona kornet rütbəsi verildi. O, yerli Qafqaz diviziyasının (“Dikaya diviziya”nın) Tatar alayına daxil oldu. Bu alayın şəxsi heyətinin əksəriyyəti hərbi xidmətdə fərqlənmiş könüllülərdən ibarət idi. O vaxt cəmi 19 yaşı olan Cəmşid 1917-ci ildə artıq 3 dəfə yaralanmış, Georgi silahına və bir neçə ordenə layiq görülmüş, rotmistr rütbəsi almışdı.

1918-ci il iyulun 30-da Cəmşidə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun podpolkovniki rütbəsi verildi. Bundan sonra o, qısa müddətdə Qarabağda hərbi kampaniyada iştirak etdi, 1920-ci il aprelin 28-də isə gənc dövlətin rəhbərləri hakimiyyəti könüllü olaraq bolşeviklərə verdilər, çünki Azərbaycan artıq Qızıl Ordu hissələri tərəfindən tutulmuşdu. Podpolkovnik Naxçıvanskinin İkinci Qarabağ süvari alayı yeni hakimiyyətin tərəfinə keçdi.

Müəllif Azərbaycan SSR ordusunun necə yaranması, Xanın Fövqəladə Komissiyaya necə gedib çıxması, sonra isə gözlənilmədən Qırmızı Komandirlər Məktəbinin təsərrüfat hissə rəisi vəzifəsinə təyin edilməsi və 25 yaşında diviziya rəisi rütbəsi alması haqqında sənədlər əsasında söhbət açır. Naxçıvanskinin komanda heyətində ucalma yolu belə başlanmışdı.

Rudolf İvanov öz əsərlərini, bir qayda olaraq, əvvəllər dərc edilməmiş materiallar əsasında qurur. Məsələn, bu kitabda əvvəllər əksəriyyəti “Məxfidir” qrifi ilə qeyd edilmiş 300-dən çox hərbi əmrdən, 80 partiya sənədindən, 70-dən çox məhkəmə-istintaq sənədindən, bir sıra başqa ilk mənbələrdən istifadə edilmişdir.

Yeri gəlmişkən, müəllif öz qəhrəmanının məişət həyatı ilə bağlı ətraflı məlumatlar verir. Adətən belə təfərrüata əhəmiyyət verilmir, lakin burada həmin haşiyələr o dövrün ab-havasını bərpa edir: zabitlər və sıravi süvarilər nə qədər məvacib alırdı, kadet korpusunda imtahanlar necə keçirdi, süvari alayının ənənəvi məişəti necə idi – bütün bu sualların cavabları o dövrün insanlarını daha yaxşı başa düşməyə kömək edir.

Bu kitab milli hərbi hissələrin tarixi ilə maraqlanan oxucular üçün əsl tapıntı olacaqdır. Kitabı vərəqlədikcə, Azərbaycan diviziyasının gündəlik həyat səhnələri, hərbi intizama riayət, hərbi təlimlər, maliyyə problemləri (məsələn, məvacib ödəmək üçün təcili 50 milyard rubl lazım idi!) oxucunun gözləri önündə canlanır. Bununla yanaşı, respublikada həyat dəyişir, xanları, bəyləri, mülkədarları həbs edib sürgünə göndərirdilər. Xan Naxçıvanskilərin aqibəti də belə olmuşdur. Cəmşidin ailəsi İrana qaçır, o, özü isə bu tayda qalır. Baş Siyasi İdarə onu daim təqib edir, çünki könüllü surətdə yeni hökumətin tərəfinə keçmiş sabiq zabitlər, yunkerlər çox ciddi müşahidə altında idi.

1920-1930-cu illər SSRİ-də dinc dövr sayılsa da, partiyadaxili mübarizə, “müzürr ünsürlərdən təmizləmə”, intriqalar, provokasiyalar və xəbərçilik baş alıb gedirdi. Kitabda Zaqafqaziya tarixinin o qədər də məlum olmayan bu dövrü ətraflı əks etdirilmişdir.

Naxçıvanskinin güllələnməsi barədə işdə bir məqam diqqəti cəlb edir: "Maddi sübutlar… yoxdur". Bununla belə, 7 ildən sonra, 1938-ci ildə onu edam edirlər. Onun 1931-ci ildə ən ağır cəzaya məhkum edilməsi kimi, edam olunması da tamamilə qanunsuz idi…

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.