Sənan Hacıyev: Hüquq təhsili zəruri praktik bacarıqlardan ayrı qala bilməz
Bakı, 9 fevral, Günel Türksoy, AZƏRTAC
Müasir hüquq təhsili iki əsas tərkib hissədən ibarətdir. Təhsil müəssisəsi nəinki tələbəni dərin hüquqi biliklərlə təmin etməlidir, eləcə də onun şəxsiyyət kimi formalaşmasına öz töhfəsini verməlidir. Əks halda, hüquqi incəlikləri mükəmməl bilən, lakin cəmiyyət üçün faydasız, hüquqi biliklərini doğru olmayan istiqamətdə istifadə edən biri və ya əksinə, tərbiyəli, xoş təəssürat bağışlayan, lakin fundamental hüquqi biliklərə malik olmayan bir şəxs yetişdirmək mümkündür. Tərbiyə dedikdə mənəvi dəyərlər, hüquqi dünyagörüşü, hüquqi etika və peşə şərəfi, hüquqi və düşüncə mədəniyyəti, ədalət hissi və humanizm, antikorrupsion tərbiyə və s. nəzərdə tutulur.
Bunu AZƏRTAC-a açıqlamasında Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Məhkəmə Hüquq Şurasının üzvü Sənan Hacıyev deyib.
O qeyd edib ki, tədris prosesində hər zamankı mübahisə hüquq təhsilində nəzəriyyə, yoxsa daha çox təcrübi biliklərin aşılanmasına üstünlüyün verilməsi ilə bağlıdır: “Şübhəsiz ki, hüquq məktəbləri gələcək hüquqşünasları yetişdirməlidirsə, onlar həm də hüquq praktikasında tələb olunan bacarıqları öyrətməlidirlər. Buna görə də, təcrübənin etibarlı tələblərə cavab verməsi üçün hüquq təhsili zəruri praktik bacarıqlardan ayrı qala bilməz. Lakin hüquq məktəbləri müvafiq akademik təhsil olmadan yalnız peşəkar təlim təklif edən hüquq peşə məktəblərinə çevrilməməlidir. Bu, akademik təhsil ideyasına zidd olardı. Odur ki, bu məsələdə balansın təmin edilməsinə nail olunmalıdır. Hesab edirəm ki, onların kombinasiyasının uğuru, ilk növbədə, tədrisin mövzusunda deyil, üsulunda dəyişikliklə bağlıdır. Müasir hüquq təhsili yaddaş əsaslı tədris modelindən istifadəni minimuma endirməlidir. Bu model əsasən normativ aktların, maddələrin və doktrinal mövqelərin əzbərlənməsinə söykənir. Bu modelin müsbət tərəfi ondadır ki, hüquq sisteminin strukturunu, terminologiyanı və normativ çərçivəni formalaşdırır. Xüsusilə məhkəmə zalında operativ qərar tələb olunan hallarda normanın dərhal xatırlanması üstünlük yarada bilər. Lakin bu modelin mənfi cəhətləri çoxdur. Müasir dövrdə hüquqi informasiya bazaları hər kəs üçün əlçatandır və hüquqşünasın dəyəri maddəni əzbər bilməsində deyil, onu düzgün tapmaq, şərh və tətbiq etmək bacarığındadır. Bundan əlavə, yaddaşa əsaslanan təhsil hüquqi düşünmə, arqument qurma və interpretasiya bacarıqlarını inkişaf etdirmir”,- deyə kollegiya sədri vurğulayıb.