Azərbaycanda reallaşan Dövlət Proqramlarının iqtisadiyyatın fərqli sektorlarının inkişafına xüsusi töhfəsi var – ŞƏRH
Bakı, 9 fevral, AZƏRTAC
Azərbaycanda reallaşan Dövlət Proqramlarının bütövlükdə iqtisadiyyatın fərqli sektorlarının inkişafına xüsusi töhfəsi var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O qeyd edib ki, Dövlət Proqramları bir tərəfdən həmin sektorun stimullaşdırılmasına, digər tərəfdən isə həmin sahələrin beynəlxalq standarta uyğunlaşdırılmasına imkan yaradır.
“Bu kontekstə əsasən, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın da məqsədi məhz standartların uyğunlaşdırılmasını həyata keçirməkdən ibarət idi. Çünki tətbiq edilən milli standartların təkmilləşdirilməsinə və milli xüsusiyyətlərin nəzərə alınaraq tətbiq edilməsinə ehtiyac var. Eyni zamanda, bu, həmin standartların beynəlxalq tələblərə uyğunlaşdırılması mənasına gəlir. Ötən müddətdə, təbii ki, standartların uyğunlaşdırılması ilə bağlı xeyli işlər görüldü. Həm yeni standartların tətbiq edilməsi, həm beynəxalq standartlara uyğun olaraq yeni mexanizmlərin hazırlanması və tətbiq edilməsi reallaşdı, digər tərəfdən isə milli standartların beynəlxalq standartlara inteqrasiyasına imkan yaratdı. Nəticə etibarilə Azərbaycanda standartlaşma qaydalarının təkmilləşdirilməsinə və beynəlxalq təcrübədə tətbiq edilən yeni praktikaların istifadəsinə imkan yarandı”,- deyə o qeyd edib.
V.Bayramov əlavə edib ki, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” birmənalı şəkildə milli standartların tətbiqi sahəsində yeni meyarların və yanaşmaların tətbiqinə imkan yaradıb: “Təbii ki, bu, davamlı prosesdir. Məqsəd ondan ibarətdir ki, mövcud standartlarımız milli xüsusiyyətlər nəzərə alınmaqla beynəlxalq tələblərə cavab versin”.