İDMAN


“Rusiya 2018”: meydana Belçika və Yaponiya komandaları çıxıblar

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsində Belçika-Yaponiya oyununa start verilib.

AZƏRTAC xəbər verir ki, “Rostov Arena” stadionunda keçilən görüşdə Belçika millisinin heyətində meydana Kurtua, Kompani, Vertonqen, Alderveyder, De Brüyne, Vitsel, Menye, Korasko, Mertens, Eden Hazard və Lukaku çıxıblar.

Yaponiya millisinin start heyətində isə Kasima, Senzi, Yosida, Sakai, Naqatomo, Xesebi, Sibasaki, Xaraquti, Kaqava, İnui yer alıblar.

Görüşü seneqallı Malanq Dyodiu idarə edir. Qarşılaşma İdman Azərbaycan Televiziyasında canlı yayımlanır.

Çempionatın favoritlərindən sayılan “qırmızı şeytanlar” “G” qrupundakı görüşlərində Panamaya 3:0, Tunisə 5:2, İngiltərəyə 1:0 hesabı ilə qalib gələrək, 9 xalla birinci yeri tutub. Yaponiya “H” qrupundakı qarşılaşmalarında Kolumbiyanı 2:1 hesabı ilə yendikdən sonra Seneqalla heç-heçə edib - 2:2. Son oyunda isə asiyalılar Polşaya 0:1 hesabı ilə uduzublar. Beləliklə, “Gündoğar ölkə” komandası dörd xal toplayıb və eyni xala malik Seneqalı sarı vərəqələrinin azlığı səbəbindən üstələyərək 2-ci yeri tutub. Qrup liderliyinə isə 6 xalla Kolumbiya yiyələnib.

Əvvəllər Belçika və Yaponiya yığmaları 2002-ci il dünya çempionatının qrup mərhələsində üz-üzə gəliblər. Həmin görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. “Gündoğar ölkə” təmsilçilərinin ən uğurlu çıxışı 2002-ci ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponiyalılar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsinə iyulun 3-də İsveç-İsveçrə və İngiltərə-Kolumbiya matçları ilə yekun vurulacaq.

Xatırladaq ki, dörddəbir finala beş vəsiqənin sahibi müəyyənləşib. Portuqaliya millisinə 2:1 hesabı ilə qalib gələn Uruqvay yığması, Argentinanı 4:3 hesabı ilə məğlub edən Fransa komandası növbəti mərhələyə adlayıblar. Həmçinin play-off mərhələsinin ən gözlənilməz hesabı ev sahibi Rusiya və İspaniya millisi arasında qeydə alınıb. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələri 1:1 hesabı ilə başa çatsa da 11 metrlik cərimə zərbələrində ruslar dəqiq olublar - 4:3. Həmçinin Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşməyib. On bir metrlik cərimə zərbələrində Xorvatiya millisi dörddəbir final mərhələsinə vəsiqə qazanıb (3:2). Dörddəbir final mərhələsində Uruqvay millisi Fransa yığması ilə, Rusiya isə Xorvatiya ilə qarşılaşacaq. Braziliya millisi isə Belçika-Yaponiya yığmaların qalibi ilə qarşılaşacaq.

Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.