MƏDƏNİYYƏT
Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov dünyasını dəyişib
Xarkov, 16 noyabr, AZƏRTAC
Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov koronavirusdan dünyasını dəyişib.
AZƏRTAC xəbər verir ki, Seyfəddin Qurbanov bir müddətdir bu xəstəlikdən Türkiyənin Alaniya şəhərində müalicə alırdı.
Qeyd edək ki, Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.
1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunu bitirib. Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının dosentidir. 1987-ci ildən ümumukrayna və ümumittifaq sərgilərində iştirak etməyə başlayıb. 1991-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", "Nəsimi", "Müslüm Maqomayev", İrpensk şəhərindəki "Zərifə Əliyeva", Xarkov şəhərindəki Mirzə Fətəli Axundzadənin də heykəlinin olduğu "Filosoflar", Sloveniyada "Nizami Gəncəvi" və digər abidələrin müəllifidir.
2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. "Zolotoy yaquar", "Evropeyskoye kaçestvo", "Vısşaya proba", "Zolotoy merkuriy", "1000-letiye" kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır. 2006-cı il martın 13-də Azərbaycan Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
Allah rəhmət eləsin!
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev