SİYASƏT
XİN: İrəvanda “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik
Bakı, 26 aprel, AZƏRTAC
Aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik. Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyinin bəyanatında qeyd edilib.
Bəyanatda, həmçinin deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər.
Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb”.