® "AzerTelecom" şirkətindən korporativ müştərilər üçün SIP telefoniya xidməti
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" korporativ müştərilərə SIP telefoniya xidmətini təqdim edir.
SIP telefoniya (Session Initiation Protocol Telephony) xidməti müştərilərə onların ofislərində keyfiyyətli rabitə xidməti əldə etməyə imkan yaradır və bir sıra üstünlüklərə malikdir.
Ənənəvi sabit xətt nömrələrindən fərqli olaraq SIP nömrələrin sahibləri bu nömrələri heç bir əlavə xərc olmadan istədikləri ünvana daşıya bilərlər.
Həmçinin rabitənin yüksək keyfiyyəti, nömrənin təyini, nömrənin başqa bir nömrəyə ünvanlanması və böyük şirkətlərdə çağrı mərkəzlərində çoxlu sayda zənglərin qəbul edilməsi, eləcə də daxili virtual PBX (Private Branch Exchange) rabitəsi xidmətinin göstərilməsi SIP telefoniya xidmətinin üstünlükləri sırasındadır.
"AzerTelecom" tərəfindən korporativ müştərilərə təqdim olunan və internet IP üzərindən həyata keçirilən SIP telefoniya xidməti imkan verir ki, müştərilər müasir, keyfiyyətli və dayanıqlı rabitədən yararlansınlar.
"AzerTelecom" Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkətidir. Qeyd edək ki, şirkət SIP telefoniya xidməti ilə yanaşı müştərilərə internetin topdansatışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit xidməti, FTTx (hər hansı bir x nöqtəyə qədər fiber-optik xətt), data-mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP, DDOS hücumdan müdafiə kimi telekommunikasiya xidmətləri də təqdim edir.