® Cahid Şahbazovun əməliyyatı tədris metodu oldu
Azərbaycanda inanılmaz göz əməliyyatı
Cahid Şahbazovdan Azərbaycanda və Qafqazda bir ilk
Tanınmış həkim, oftalmoloq doktor Cahid Şahbazov Azərbaycan, Rusiya və bütün Qafqaz ərazisində bir ilki gerçəkləşdirib.
O, gözdaxili təzyiqin qeyri-invaziv tənzimlənməsinə imkan verən “EyeWatch” qlaukoma (qara su xəstəliyi - red.) implantı əməliyyatını icra edib.
C.Şahbazov əməliyyatla bağlı fikirlərini belə dilə gətirib:
“Bu, çox yenidir, əvvəllər çarəsi olmayan və əməliyyatlarında fəsad yaşadığımız qara su xəstələri üçün bir qapıdır.
Dünyada bununla bağlı maksimum 30 əməliyyat gerçəkləşdirilib. Türkiyədə 4 əməliyyat icra olunub. Bizim ölkədə isə olunmamışdı. İcra olunub deyən varsa, şərh bölümündə yaza bilər.
Əməliyyatın üstünlüyü ondadır ki, qara su xəstələrində yaşanılan fəsadların qarşısını alır. Kosmik texnologiya kimi bir şeydir. Gözün içərisinə bir alət qoyuruq və onun təzyiqini istədiyimiz zaman artırıb-azaldırıq. Sanki krandan suyu açıb-bağlayırsan. Bunu 10 il öncə bildirsəydik, deyərdilər ki, elə bir şey yoxdur. Halbuki bu gün real icra edirik və bunun qürurunu yaşayırıq.
Baş ofis əməliyyat videomuzu tədris metodu olaraq istifadə edəcək. Onlar bizdən görüntüləri tələb edib aldılar. Dünyanın dörd bir yanından həkimlər bu videoya baxıb öyrənəcəklər. Çox qürurluyam. Artıq şöhrətə, maddi rifaha qovuşmuş bir həkim olaraq məni heç nə təəccübləndirə bilməz deyə düşünürdüm. Bu əməliyyat məni həyəcanlandırdı və içimdəki peşə sevgimi artırdı, stimul verdi. Artıq səhərlər işə daha gülərüz gəlirəm.
Yeniliklər edirik, bütün bunlar isə gələcəyə dair ümidlərimi artırır. Bu gün üçün çarəsi olmayan bir çox xəstəliyə deməli, sabah, bir il sonra çarə tapacağıq. Belə əməliyyatlar 2 il öncə fantastika idi.
Hələ bununla da yekunlaşmır, komandam və mən Azərbaycanda edilməmiş bir çox əməliyyatları həyata keçirməyə, insanların dərdinə çarə olmağa çalışacağıq”.
Qeyd edək ki, “EyeWatch” implantını əsas idarə edən “Eyewatch” qələmidir. Qələmin bir tərəfində “Eyewatch”ın mövqeyini ölçən kompas, digər tərəfində isə klapanın açılmasını tənzimləyən maqnit var.