® “Rabitəbank” dünyanın öndə gedən “SIBOS 2022” maliyyə konfransında iştirak edir
“Rabitəbank” ASC-nin rəhbərliyi Amsterdam şəhərində baş tutan “SIBOS-2022” beynəlxalq maliyyə sərgi-konfransında iştirak edirlər.
Hər zaman müasir beynəlxalq təcrübələrə yiyələnən “Rabitəbank”, bu dəfə beynəlxalq əlaqələrini genişləndirmək, müxbir bank şəbəkəsini artırmaq, öndə gedən rəqəmsal həlləri izləmək üçün tədbirdə geniş tərkibdə iştirak edir.
Sərgi-konfransda “Rabitəbank”ın təmsilçiləri bankın İdarə Heyətinin sədri Aydın Hüseynov, baş direktorlar - Ziya Nuriyev və Ramil Nəsibovdur.
Dörd gün davam edəcək konfransda bankın təmsilçiləri qlobal maliyyə institutlarının nümayəndələri ilə mühüm görüşlər keçirəcək, rəqəmsal bankçılıq, maliyyə texnologiyaları və müxbir hesabları sahəsində əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi və təcrübə bölgüsü edəcəklər. Həmçinin Aydın Hüseynov bildirib: “Görüşdə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi aparılaraq beynəlxalq əlaqələrimizi genişləndirməklə təcrübələri ölkəmizdə tətbiq etməyi planlayırıq”.
Hər il ənənəvi olaraq keçirilən SIBOS bu həftə 9300-dən çox iştirakçını bir araya gətirib. 1978-ci ildə bank əməliyyatları seminarı kimi başlayan tədbir, qlobal maliyyə sektorları üçün ödənişlər, qiymətli kağızlar, pul vəsaitlərinin idarə edilməsi sahələrində müzakirələr və əməkdaşlıq etmək üçün əsas biznes foruma çevrilib.
Bu ilki “SIBOS” konfransının təşkilatçısı Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətidir (SWIFT).
“Rabitəbank” ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması və “RabitaBot” çatbotu, 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.