"Effektiv kommunikasiya" mövzusunda təlim-seminar keçirilib
Bakı, 16 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə "Effektiv kommunikasiya" mövzusunda təlim-seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd elmi və ali təhsil müəssisələrinin sosial media hesablarının təhlili, kommunikasiya alətlərindən düzgün istifadə, kommunikasiyanın təşkili və s. ilə bağlı bilik və bacarıqları təkmilləşdirmək, media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verməkdir.
İnformasiya Texnologiyaları İnstitutunda keçirilən təlimdə elmi müəssisələrin və universitetlərin ictimaiyyətlə əlaqələrə məsul əməkdaşları, eləcə də media nümayəndələri iştirak ediblər.
Tədbirdə elm və təhsil nazirinin müşaviri Elnur Nasibov, Medianın İnkişafi Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları Institutunun baş direktoru akademik Rasim Əliquliyev, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və digərləri çıxış edərək nazirlik və ona tabe olan qurumlar arasında mövcud əlaqələrin gücləndirilməsi və kommunikasiya işinin effektiv təşkilinin vacibliyini önə çəkib, jurnalistlərin peşəkar inkişafı baxımından bu kimi təlimlərin əhəmiyyətli olduğunu nəzərə çatdırıblar.
Sonra təlimçilər "Uğurlu kommunikasiyanın qurulması, kommunikasiya alətlərindən düzgün istifadə", "Media savadlılığı nədir?", "Effektiv təqdimat bacarıqları", "Təhsil TV” ilə əməkdaşlıq imkanları", "Şəxsi və peşəkar inkişaf", "Sosial media və vizual görüntü", "Böhran vəziyyətlərində kommunikasiyanın təşkili" mövzularında çıxış edərək təcrübələrini bölüşüblər.
Çıxışlarla bağlı müzakirələr aparılıb, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.