ELM VƏ TƏHSİL
"Nəsimi ili"nə həsr olunan “Təhsil avtobusu” Cocuq Mərcanlıda
![](/files/galleryphoto/2019/2/1200x630/1564144308281271197_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15641443086181544593_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/15641443084760743032_1200x630.jpg)
![](/files/galleryphoto/2019/2/1200x630/1564144308511046678_1200x630.jpg)
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində təşkil olunan “Təhsil avtobusu - Nəsimi” yay məktəbinin növbəti tədbiri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində layihənin təşkilatçıları, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın nümayəndələri, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru iştirak ediblər.
Qeyd olunub ki, “Təhsil avtobusu - Nəsimi” yay məktəbinin məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formalaşmasına təsir etmək, dərsə marağının artmasına şərait yaratmaq və onlara Nəsimi yaradıcılığını tanıtmaqdır.
Yay məktəbində Cocuq Mərcanlı kənd tam orta məktəbinin, eləcə də Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin 6-9-cu sinif şagirdləri iştirak ediblər. Şagirdlər üçün “Xəyal et və yarat”, “Sabahı düşün”, “Gələcəyə addımla”, “Mən uğurlu natiqəm”, “Cahanı kəşf et” komanda oyunu və “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib. Təlimlər və oyunlarda fəal iştirak edən şagirdlərə sertifikat verilib.
“Təhsil avtobusu - Nəsimi” yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edir. İyulun 29-da başa çatacaq yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan şagirdləri təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri və intellektual yarışlarda iştirak edirlər.
Qeyd edək ki, “Təhsil avtobusu - Nəsimi” yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və “Kapital Bank”ın əsas dəstəyi, “Bakcell”, “Paşa Həyat Sığorta” və “Optimal” şirkətlərinin dəstəyi, “Vitam Reklam” və “Şərq-Qərb” ASC-nin əsas tərəfdaşlığı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Asmart” yaradıcılıq mərkəzi, “Bir” tələbə-könüllü proqramı, “BD Kids”, “Code Tusi” şirkəti, “SABAH” qrupları, “SABAH” Futbol Klubu, “Şəhanə” onlayn mağazasının tərəfdaşlığı ilə keçirilir.
Layihənin informasiya dəstəkçiləri sırasında AZƏRTAC da var.
“Təhsil avtobusu - Nəsimi” yay məktəbinin növbəti ünvanı Qazax rayonu olacaq.