MƏDƏNİYYƏT
"Rənglərin dialoqu" adlı sərgi açılacaqdır
Bakı, 8 fevral (AZƏRTAC). Fevralın 12-də Muzey Mərkəzində paytaxtın Əhmədli qəsəbəsindəki Rəssamlar evində fəaliyyət göstərən rəssamların əsərlərindən ibarət "Rənglərin dialoqu" adlı sərgi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərginin açılış ərəfəsində nazir müavini Ədalət Vəliyev Əhmədli qəsəbəsindəki emalatxanalara gedərək, burada işləyən rəssamların problemlərini yerində öyrənmiş, onları düşündürən yaradıcılıq məsələləri, bədii axtarışlar və son vaxtlar yaradılmış yeni sənət əsərləri ilə yaxından tanış olmuşdur.
Rəssamların müraciətləri nəzərə alınaraq "Rənglərin dialoqu" adlı sərginin təşkili qərara alınmışdır.
Sərgidə nümayiş olunan əsərlər biri-birindən fərqliliyi, ayrı-ayrılıqda orijinallığı, üslub rəngarəngliyi ilə diqqəti cəlb edir, eyni zamanda, ümumbəşəri dəyərlərin tərənnümü kimi ümdə məsələlər üzərində düşünməyə imkan verir.
Sərginin təşkilinin əsas məqsədi rəssamların bədii axtarışlarının müxtəlifliyini göstərmək, Azərbaycan rəssamlarının yaradıcılıq dünyasının, bədii təfəkkür tərzinin genişliyini, uzun illər emalatxanada qalaraq heç vaxt sərgi salonlarına çıxarılmayan sənət incilərinin nümayiş etdirmək, rəssamlarımızın yaradıcılığının dəstəkləmək və təbliğ etməkdən ibarətdir.
Bu təcrübə artıq ənənəyə çevrilmişdir. Rəssamlarla emalatxanada, yaradıcı şəraitdə keçirilən görüşlər rəsmiyyəti aradan götürməklə yanaşı, yeni ideyaların yaranmasına da təkan verir. Problemlər yerindəcə həll olunur, çıxış yolları müəyyənləşdirilir. Bundan əvvəl "7-ci mərtəbə" və "6-cı mikrorayon" rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunmuş, kataloq çap edilmişdi.
Sərgi fevralın 16-dək davam edəcəkdir.