"XALQ QƏZETİ"NİN XÜSUSİ BURAXILIŞI: “HEYDƏR ƏLİYEV - LİDERLƏR ƏSRİNİN LİDERİ”
AZƏRTAC xəbər verir ki, "Xalq qəzeti"nin ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr etdiyi xüsusi buraxılış çapdan çıxmışdır. Rəngli, nəfis tərtibatla işıq üzü görmüş nömrənin materialları ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, ayrı-ayrı yönlərini işıqlandıran şəkillərlə müşayiət olunmuşdur.
Böyük rəhbərin söyləmiş olduğu "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" sözləri buraxılış üçün epiqraf seçilmişdir. Birinci səhifədə "Heydər Əliyev - liderlər əsrinin lideri" başlığı atında ulu öndərin Azərbaycanın dövlət bayrağı fonunda iri portreti və xalqımızın böyük oğlunun ömür yolundan söhbət açan yazı verilmişdir.
Azərbaycan Respublikası Prezidenti İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin "Heydər Əliyev: dəyişməyən lider idealımız", Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənovun "Heydər Əliyevin dövlət quruculuğu təlimi", Milli Məclisin deputatı, professor Rəbiyyət Aslanovanın "Azərbaycanda milli intellektual elita və innovasion cəmiyyətin formalaşması", "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənovun "Heydər Əliyev və müasir dünyanın geosiyasi reallıqları" məqalələri xüsusi buraxılışın aparıcı yazılarıdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan gerçəklikləri, tarixi həqiqətlər barədə söylədiyi parlaq, dəyərli fikirlər "Heydər Əliyevin deyimləri" başlığı altında təqdim olunur. Dünyanın görkəmli dövlət və siyasi xadimlərinin, elm və mədəniyyət adamlarının zəmanəmizin nadir şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyev barədə söylədikləri mülahizələr ümummilli liderin siyasi portretini daha da dolğunlaşdırır.
"Ən çox sevilənlərin sevdikləri..." yazısında böyük qüdrət və zəka sahibinin mənəvi aləmi, maraq dünyası miniatür formada - qısa sual-cavablarda əksini tapır. Tanınmış şair Rafiq Zəka Xəndanın məşhur "Heydər Baba dastanı"ndan seçmələr ulu öndərin bədii obrazını canlandırır. "Ömrün unudulmaz anları" fotokompozisiyası ölməz rəhbərin şəxsi həyatından maraqlı anları nümayiş etdirir.
Xüsusi buraxılış Azərbaycan tarixinin yetirdiyi ən böyük düha olan Heydər Əliyevin həyat və mübarizə yoluna 85 illik yubiley zirvəsindən baxış olmaqla, qəzetin redaksiya kollektivinin bu əlamətdar hadisəyə yaradıcılıq töhfəsidir.
######
