“ABİTURİYENT” JURNALININ NÖVBƏTİ NÖMRƏLƏRİ ÇAPDAN ÇIXMIŞDIR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Abituriyent” jurnalının 11-ci və 12-ci nömrələri çapdan çıxmışdır.
Jurnalın 11-ci nömrəsi bu il qəbul imtahanlarında 600-dən çox bal toplamış abituriyentlərə həsr olunmuşdur. Belə bir nömrənin hazırlanması bir tərəfdən yüksək bal toplamış istedadlı gənclərin ictimaiyyətə tanıdılması, onların təcrübəsinin öyrənilməsi, təbliği, digər tərəfdən isə yeniyetmələrin təhsilə daha da həvəsləndirilməsi məqsədi daşıyır. Yüksək bal toplamış abituriyentlərin qısa tərcümeyi-halları göstərir ki, qabiliyyətli gənclərimiz əhalinin bütün təbəqələri arasında yetişir. Qabiliyyət və yüksək bilik səviyyəsi heç də ailənin maddi rifahından və yüksək statusundan asılı deyildir.
Ali məktəblərə ən yüksək balla daxil olmuş 25 tələbəyə Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2003-cü il tarixli Sərəncamı ilə Prezident təqaüdü verilmişdir. Bu, dövlətimizin təhsilə, istedadlı gənclərin inkişafına göstərdiyi yüksək diqqət və qayğısının parlaq təzahürüdür.
600 baldan çox nəticə göstərən 385 abituriyent ölkəmizin 55 bölgəsində yerləşən 219 məktəbin məzunlarıdır.
TQDK–ya ictimaiyyətin müxtəlif təbəqələrindən imtahanların gedişi və nəticələri haqqında çoxlu məktub, teleqram və müraciətlər daxil olmuşdur. Jurnalın həmin nömrələrində ictimai rəyin əks–sədası olan belə materiallara yer ayrılmışdır.
Jurnalın 12-ci nömrəsində 2003/2004–cü tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili, ali məktəblərin reytinqi, fənlər üzrə göstəricilər, yüksək nəticəli rayonlar, ən yaxşı məktəblər, müqayisəli təhlillər (1992-2003-cü illər), orta statistik abituriyentin portreti, müsabiqə vəziyyətinin şərhi, digər məlumatlar və tövsiyələr dərc olunmuşdur.