SİYASƏT
ABŞ AVRASİYA ÖLKƏLƏRİNƏ YARDIMI ARTIRMAQ NİYYƏTİNDƏDİR
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələrinə yardım üzrə əlaqələndiricisi Uilyam Teylor aprelin 15-də Vaşinqtondakı xarici jurnalistlər üçün mətbuat konfransı keçirmişdir. Səfir Teylor ötən həftə Mərkəzi Asiya ölkələrinə başa çatmış səfəri haqqında məlumat verərək demişdir ki, bölgədəki dövlətlər yeni təhlükəsizlik ab-havasına artıq alışır, iqtisadi islahatlar və insan hüquqlarının qorunmasının yaxşılaşdırılması istiqamətində addımlar atırlar. Bu islahatların irəliləməsi üçün ABŞ 300 milyon dollardan artıq vəsait ayırmışdır. Hökumət 2003-cü maliyyə ilində bunun 300 milyon dollar artırılması barədə konqresə müraciət edəcəkdir.
Cənab Teylor 11 sentyabr hadisələrindən sonra Azərbaycanın xüsusi əhəmiyyətini vurğulamışdır. O, demişdir ki, bölgədə terrorçuların istifadə etdiyi bir neçə qeyri-sabitlik nöqtəsi var. Azərbaycan bu nöqtələr arasında dəhlizdir və terrorçuların gedib-gəlişi üçün əlverişli ola bilər. Bu baxımdan terrorla müharibənin təhlükəsizlik və maliyyə aspektləri üzrə Azərbaycanla əməkdaşlıq vacib idi. 907-ci düzəlişin qüvvəsinin dayandırılmasından sonra mümkün olan belə əməkdaşlıq bir sıra istiqamətlərdə möhkəmlənmişdir.
ABŞ hökumətinin gələcək illərdə Avrasiya ölkələrinə yardımından danışan Dövlət Departamentinin nümayəndəsi bildirmişdir ki, iqtisadi islahatlar və insan hüquqlarının qorunmasının yaxşılaşdırılması üçün yeni addımların atılacağı təqdirdə, hökumət Konqresə bölgəyə yardımın artırılmasını təklif edəcəkdir.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
ABŞ