ABŞ Çindən idxal olunan bəzi mallara yeni tariflər tətbiq etməyə hazırlaşır
Bakı, 4 aprel, AZƏRTAC
ABŞ hökuməti Çindən idxal olunan təxminən 1300 adda məhsula əlavə tariflər tətbiq etməyə hazırlaşır.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ştatların Ticarət Nümayəndəliyi əsasən informasiya və kommunikasiya texnologiyaları, robot, maşın və mexanizmlərdən ibarət malların siyahısını hazırlayııb. Ölkədaxili müvafiq prosedurdan sonra ABŞ Ticarət Nümayəndəliyi son qərarı elan edəcək.
Nümayəndəliyin açıqlmasında deyilir ki, təklif olunan siyahı ABŞ-ın müxtəlif dövlət qurumlarının birgə iqtisadi təhlili əsasında hazırlanıb. Siyahıya daxil edilən məhsulların seçimi Çinin ABŞ iqtisadiyyatına təsirini azaltmağa hədəflənib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara ümumi 50 milyard dollarlıq əlavə tariflərin tətbiq olunacağını bildirmişdi. Bundan başqa, ABŞ Çin də daxil olmaqla bir sıra ölkələrdən gətirilən polad və alüminiumun idxal rüsumlarını da artırmışdı. Çin hökuməti bunlara cavab olaraq Birləşmiş Ştatlardan idxal edilən donuz əti və meyvə də daxil olmaqla 128 növ məhsulun idxal rüsumlarının artırılması barədə qərar qəbul edib.
Mütəxəssislər artıq iki ölkə arasında ticarət müharibəsinin başlandığını söyləyirlər.