ABŞ-DA AZƏRBAYCAN TARİXÇİSİNİN KİTABININTƏQDİMATI OLMUŞDUR
Təqdimat mərasimində çıxış edən müəllif vurğulamışdır ki, “soyuq müharibə”nin tarixini araşdıran bir çox mütəxəssislər ABŞ-Sovet İttifaqı qarşıdurmasının köklərinin Avropada olduğunu bildirirlər. Lakin arxivlərdən aşkar olunan sənədlər sübut edir ki, bu kökləri Şərqdə, xüsusilə də üç məsələ üzrə qarşıdurmada axtarmaq lazımdır: Çinin Sincan əyaləti, İran Azərbaycanı və Türkiyənin Şərq hissəsində Sovet İttifaqının ərazi iddiaları niyyətinə ABŞ-ın etirazı. Çünki Avropada nüfuz dairəsinə dair məsələlər Potsdam, Yalta və Tehran görüşlərində razılaşdırılmışdı. Şərq məsələləri isə müttəfiqlər üçün gözlənilməz idi. Cəmil Həsənli 1940-cı illərdə Moskva, Bakı və Tehran arasında məxfi yazışmalar, gizli danışıqlara dair maraqlı arxiv sənədləri haqqında söhbət açmışdır. Alimin sözlərinə görə, Rusiya arxivlərində xarici xalqların taleyi ilə bağlı hələ çox açılmamış sənədlər mövcuddur.
Bu kitabı “soyuq müharibə”nin o tayındakı arxivlərə heç vaxt çıxışı olmayan Amerika alimləri üçün əvəzedilməz hesab edən Milli Təhlükəsizlik Arxivinin direktoru Malkolm Bayron AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, müəllif Azərbaycan, İran, Türkiyə və Rusiya arxivlərində apardığı araşdırmalara əsasən, o zaman baş verən hadisələrə dair maraqlı təhlil verir. Bu kitabla tanışlıqdan sonra Sovet hökumətinin İran Azərbaycanındakı hərəkata nə üçün güclü dəstək verməsi aydın olur. “Soyuq müharibə”nin başlanğıcındakı mühüm hadisələrə azərbaycanlı alimin araşdırmalarından baxış tarixdə yeni səhifələri açır.