ABŞ-IN AZƏRBAYCAN VƏ TÜRK İCMALARI ERMƏNİLƏRƏ QARŞI ƏKS-AKSİYA KEÇİRMİŞLƏR
Aksiya iştirakçılarından biri Nəcmiyyə bizimlə söhbətində demişdir: “Erməni soyqırımı” adlanan hadisə baş verməmişdir. Üstəlik biz, 1915-ci ildə Osmanlı İmperiyasında baş verənlərə görə məsuliyyət daşımırıq. Ermənilər isə yaxın tarixdə daha dəhşətli əməllər törətmişlər. Onların Qarabağda etdiklərindən hamının xəbəri vardır”.
Aksiyaların zorakılıqla nəticələnməsinə yol verməmək üçün Vaşinqtonun polis qüvvələri və diplomatik təhlükəsizlik xidməti vəziyyətə nəzarət edirdi.
Türkiyədəki 1915-ci il hadisələrini soyqırım kimi qələm verən ermənilər ərazi iddiaları da səsləndirirdilər. Ara-sıra “Qarabağ ermənilərindir”, “Van ermənilərindir” çağırışları eşidilirdi.
Azərbaycan və türk icmalarının nümayəndələri isə əllərində Xocalı qurbanlarının fotoşəkilləri, Ermənistanın etnik təmizləmə və işğal siyasətini pisləyən transparantlarla onlara cavab verirdilər.
Amerikanın Azərbaycan Cəmiyyətinin Vaşinqton nümayəndəsi Bədir Məmmədli demişdir: “Burada olmaqla ermənilərə çatdırmaq istəyirik ki, ABŞ-dakı türk və Azərbaycan icmaları əvvəlki kimi deyildir. Bu gün biz daha güclüyük. Bir araya toplaşıb onlara “yox” deyə bilərik. Onların Türkiyə və Azərbaycana qarşı yönəlmiş saxta iddiaları heç bir nəticə verməyəcəkdir”.
Amerikanın Türk Assosiasiyaları Assambleyasının üzvü Fateh Culha isə ABŞ-da yaşayan ermənilərin tarixdən xəbərsiz olduqlarını bildirir: “Biz eyni tipli etiraz aksiyasını iki gün əvvəl Nyu-Yorkda da keçirdik. Mən orada iki erməni gənci ilə söhbət etdim. Onlar milyon yarım erməninin öldürüldüyü haqda bağırsalar da, hansı tarixi hadisələrə etiraz etdiklərini bilmirdilər. Bizim vəzifəmiz təkcə Amerika ictimaiyyətinə deyil, həm də Amerikada yaşayan ermənilərə həqiqəti açıqlamaqdır”.